Türk Ölkələri Əməkdaşlıq Şurasının Bişkekdə keçirilən sonuncu Zirvə toplantısı ciddi qərarları ilə yadda qaldı. Türk Akademiyasının, bu akademiya yanında Türk Dövlətləri Muzeyinin, Türk Mədəniyyəti və Türk İrsinə Dəstək Fondunun yaradılması barədə qərarları tarixi addım da adlandırmaq olar. Bunlarla yanaşı, Zirvə toplantısına möhür vuran qərar Türk dövlətlərinin vahid bayrağının qəbul edilməsi oldu.
Toplumun reaksiyaları göstərir ki, ortaq bayraq olaraq seçilmiş variant çox uğurludur. Özündə, tarixi ənənəni, çağdaşlığı, Türk kimliyini və birliyi əks etdirə bilir. Elə təkcə mavi rəngin seçilməsi bu bayrağın Türk bayrağı olmasına gözəl bir işarədir.
Özbəkistanla Türkmənistan nə deyəcək?
Bayrağın təqdimatında bildirilib ki, vahid bayraq üçün 4 dövlətin bayrağının hər birindən bir element götürülüb: Günəş Qırğızıstanın, ulduz Azərbaycanın, aypara Türkiyənin, rəng isə Qazaxıstanın bayrağından... Bu yerdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun qeydinə vurğu salmağa ehtiyac var. Türkiyənin baş diplomatı deyir ki, “Biz birlikdə böyük uğurlar qazana bilərik. Yeni bayrağımız Avropa Birliyinin bayrağına bənzəyəcək və bütün respublikalar üçün milli bayraqla yanaşı məcburi olacaq”.
Bayraqla bağlı xoş duyğuların yaşandığı bir vaxtda digər türk ölkələrinin – Özbəkistan və Türkmənistanın da bu birliyə, bu bayraq altına keçməsi səsləndirilən arzular içərisində öncül yeri tutur. Maraqlıdır, 4 ölkənin bayrağı əsasında hazırlanmış vahid bayraq sabah şuraya üzv olmaq istəyən Özbəkistan və Türkmənistanda qıcıq yaratmaz ki? Yəni, bu halda vahid türk bayrağının dəyişikliyə məruz qalması ehtimalı varmı?
Bu barədə Özbəkistanın və Türkmənistanın sıxıntısı olmamalıdır. Çünki, Özbəkistan bayrağının birinci rəngi də mavidir və üzərində də ay-ulduz var. Həmçinin, Türkmənistan bayrağı da yaşıl olmasına rəğmən ay-ulduza sahibdir. Bu baxımdan, qəbul edilmiş bayraq Özbəksitan və Türkmənistan üçün də keçərlidir.
Atatürk bu bayrağı Türkiyə üçün arzulayırmış...
1920-ci ilin əvvəllərində Türkiyə Böyük Millət Məclisinin açılması üçün işlər davam edərkən Mustafa Kamal Atatürkün dövlət bayrağının rəngini dəyişdirməyi düşündüyü barədə məlumatlar var. Bu barədə Türkiyə parlamentində çalışan Yılmaz Qoç inqilab tarixi və qurtuluş savaşının bilinməyən və ya unudulan detalları əsasında yazdıöı "Unudulanlar" kitabında qeyd edir.
Yılmaz Qoç, Məclis protokollarından və arxivindən faydalanaraq hazırladığı kitabda, 1920-ci ilin əvvəllərində Türkiyə Böyük Millət Məclisinin açılması üçün işlər davam edərkən Atatürkün yeni cumhuriyyətin bayrağının rəngi kimi göy mavisi rəngini düşündüyünü bildirib.
Çankayada gedən söhbətlərdə Atatürkün göy mavisi rəngini çox sevdiyini, bayrağın rənginin də belə olmasını arzu etdiyini yoldaşlarına söylədiyi, ancaq bu istiqamətdə yoldaşlarından bir fikir və ya təklif gəlməyincə, II Mahmud dövründə qəbul edilən ay-ulduzlu qırmızı rəngli bayraq üzərində dayanıldığı qeyd olunur.
(Atatürkün Türkiyə üçün xəyal etdiyi ay-ulduzlu mavi bayraq hazırda Uyğur Türklərinin bayrağı kimi qaldırılır).
Məlum olduğu kimi, göy-mavi rəng dünyada türklüyün rəmzi kimi tanınır. Tarixdəki Göytürk İmperatorluğunun bayrağı da göy-mavi rəngdə olub. Azərbaycan dövlətinin bayrağındakı mavi rəng də türklüyü təmsil edir.
Türk Ölkələri Əməkdaşlıq Şurasının qəbul etdiyi qərarla Atatürkün arzuladığı mavi rəngli, ay-ulduzlu bayrağın artıq tək Türkiyə üçün deyil, bütün Türk dünyası üçün qaldırılması gerçəkləşir.
Və sonda... iki məqam
Yeni qəbul olunmuş bayrağın mərkəzində qərar tutmuş aypara və səkkizguşəli ulduz Azərbaycan bayrağını daha çox xatırladır. Bəli, Azərbaycan həm də bir coğrafi, ideoloji məkan olaraq Türk dünyasının mərkəzidir. Ancaq bu mərkəz öz tarixi missiyasını Güney Azərbaycansız həyata keçirə bilməz. Ona görə də, Türkiyəni və Quzey Azərbaycanı Orta Asiyaya coğrafi baxımdan bağlayacaq Güney Azərbaycanın Azadlığı idealı çağdaş Türk siyasətinin başlıca prioritetlərindən birinə çevrilməlidir.
Bir də, növbəti Şirvə toplantısında, kimlərinsə yuxusuna haram qatmamaq üçün uydurulmuş “türkdilli” terminindən də imtina edilsəydi, hər şey daha gözəl, səmimi və gerçək məna daşıyardı.