Prezidentin imzaladığı sərəncamlar, qəbul olunan qanunların icrası Nazirlər Kabinetində düyünə düşür.
“İnsanlar gözümüz görə-görə ölürlər, amma “Tibbi sığorta haqqında” qanun layihəsinin mexanizmi işlənib tətbiq olunmur” – Deputat
Ölkədə göstərdiyi xidmətə görə ən az maaş alan təbəqələrdən biri müəllimlər və həkimlərdir. Onların əmək haqlarının yüksəldilməsi ilə bağlı daim fikirlər səslənib, Milli Məclisdə müzakirələr aparılıb. Lakin bunların heç biri öz nəticəsini verməyib. Son olaraq 2011-ci ilin aprel ayında Prezident İlham Əliyev təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə sərəncam imzalamışdı. Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Sərəncam imzalanarkən artıq 2011-ci ilin sentyabr ayından həm müəllimlərin, həm həkimlərin dövlət qulluqçusu statusu alacağı gözlənilirdi. Lakin bir ildən çox zaman keçməsinə baxmayaraq hələ bir nəticə əldə edilməyib.
Qeyd edək ki, hər iki sahədə çalışanlar dövlət qulluqçusu elan olunarsa, bu, birbaşa onların maaşlarının artmasına da təsir göstərəcək.
Hətta Misir Mərdənov Təhsil Nazirliyi tərəfindən müəllimlərin dövlət qulluğunun xüsusi növünə aid edilməsi haqqında Nazirlər Kabinetinə təkliflər hazırlayıb göndərdiklərini bildirmişdi.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli isə “əgər sərəncam keçən ilin aprel ayından imzalanıbdırsa, deməli, Nazirlər Kabinetinə aid məsələ həll edilib. Bununla bağlı ətraflı Təhsil və Səhiyyə nazirliklərindən öyrənin. Məndə əlavə məlumat yoxdur” deyə Modern.az saytına açıqlamasında bildirmişdi.
Di gəl, adı çəkilən nazirliklərdən də deyirlər “məsələ bizlik deyil, Nazirlər Kabinetindən soruşun”...
Bir vaxtlar məmurlar keçmiş sovet əmanətlərinin xalqa qaytarılmasına qarşı çıxırdı. Onlar bildirirdilər ki, dövlət büdcəsi o qədər pulu qaytarmağa yetməyəcək. Dəfələrlə bu məsələ ətrafında fikirlər səsləndirilməsinə, məsələnin Milli Məclisdə müzakirəyə çıxarılmasına baxmayaraq, ortaq bir məxrəcə gələ bilmirdilər. Hətta məmurlar qeyd edirdilər ki, əmanətlər qaytarılsa, Azərbaycanda köçüb gedən ermənilər keçmiş sovet banklarında qalan pullarını istəyəcəklər. Ancaq Prezident İlham Əliyev bu məsələ ilə bağlı öz iradəsini ortaya qoyaraq, sərəncam imzalandıqdan sonra keçmiş sovet banklarında qalan əmanətlərin xalqa qaytarılması mexanizminə başlanıldı.
Eyni tendensiya “Tibbi sığorta haqqında” qanunda müşahidə edildi. “Tibbi sığorta haqqında” qanun 1999-cu ildə qanun qəbul edilib. Lakin göstərilən ərəfədə eks-prezident Heydər Əliyev icbari tibbi sığortanın tətbiqinin 2005-ci ilə qədər təxirə salınması istiqamətində sərəncam verib. Bu da birbaşa həmin müddətdə əhalinin sağlamlığının qorunması, özəl səhiyyə və tibbi sığorta haqqında yeni qanunların hazırlanaraq, qəbul edilməsinin planlaşdırılması ilə bağlı idi.
2011-ci ilin dekabrın 27-də Prezident İlham Əliyev səhiyyə sisteminin idarə olunmasını təkmilləşdirmək, əhaliyə tibbi yardım göstərilməsi mexanizmini müasir tələblərə uyğunlaşdırmaqla səhiyyə xidmətinin keyfiyyətini daha da yaxşılaşdırmaq, icbari tibbi sığorta sisteminin tətbiqinə başlamaq məqsədi ilə sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılacaq. Nazirlər Kabineti bir ay müddətində agentliyin əsasnaməsinin layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb prezidentinə təqdim etməlidir. 2008-ci ildə Nazirlər Kabinetinin yanında icbari tibbi sığortanın tətbiqinə məsul olan Agentlik yarandı. Amma yenə də bu fəaliyyət yarımçıq qaldı. Hətta dövlət büdcəsindən bununla bağlı vəsait ayrılsa da ilin sonunda həmin vəsait heç bir yerə xərclənmədiyi üçün yenidən geri qaytarılır.
Prezidentin imzaladığı sərəncamlar, qəbul olunan qanunların icrası Nazirlər Kabinetində düyünə düşür. Və insanda belə fikir formalaşır ki, məmurlar xalqın rifah halının yüksəldilməsi üçün atılan addımlara qarşıdır.
İcbari tibbi sığorta haqqında məsələyə gəlincə deputat bildirib ki, burada heç bir tənqidə sığmayan vəziyyət yaranıb.
“İnsanlar gözümüz görə-görə ölürlər, amma “Tibbi sığorta haqqında” qanun layihəsinin mexanizmi işlənib tətbiq olunmur. Milli Məclisdə dəfələrlə həm komitələrin iclasında həm plenar iclaslarda məsələ qaldırmışam. Bu xeyli dərəcədə dövlət vəsaitinə qənaət edilməsi, səhiyyənin keyfiyyətinin artırılması, ən əsası isə bəşəriyyətin əşrəfi sayılan insan həyatının qorunması nöqteyi-nəzərindən çox mühüm əhəmiyyət kəsb edir. Burada bütövlükdə hökumət, başdan-ayağa hamı günahkardır və hesab edirəm ki, bu məsələ yolverilməzdir. Bu problemin həlli sürətlənməlidir”, – deyə deputat Əli Məsimli Modern.az-a açıqlamasında vurğulayıb.
Aytən Əliyeva