Fevralın 19-da Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib.
Modern.az-ın məlumatına görə, Ali Məhkəmənin sədri Plenum iclasında bildirib ki, ötən ildə həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsi olan Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanın icrası ilə bağlı bir sıra işlər görülüb. Fərmana uyğun olaraq mühüm qanunlar qəbul edilib, o cümlədən cəza siyasəti humanistləşdirilib, karantin şəraitində elektron xidmətlərin göstərilməsi və məhkəmə proseslərində müasir informasiya-kommunikasiya texnologiyalarının və elektron idarəetmənin tətbiqi genişləndirilib.
2020-ci ildə pandemiya ilə əlaqədar məhkəmələrdə bir neçə dəfə işlərə baxılması müvəqqəti olaraq təxirə salınıb.
Bu hal bütün digər problemlərlə yanaşı, həm də böhran vəziyyətlərində ədalət mühakiməsi sisteminin çalışmasını təmin etmənin alternativ yollarını düşünməyə dair yeni çağırışlarla üz-üzə qoyub. Bu məqsədlə məhkəmələrin ənənəvi qaydada fəaliyyətlərini təmin etməyin mümkün olmadığı böhran vəziyyətlərində məhkəmələrin idarə olunmasına və təməl prinsiplərə riayət etməklə ədalət mühakiməsinin həyata keçirilməsinə dair yeni yanaşmalar işlənib hazırlanmalıdır.
2020-ci ildə qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı 400-dən çox hüquqi akt layihəsi araşdırılaraq təhlil edilib və müvafiq rəy və təkliflər verilib.
2020-ci ildə dövlət orqanlarından və bilavasitə vətəndaşlardan Ali Məhkəməyə 23878 müraciət daxil olub və müvafiq qaydada müraciətlərə baxılıb və ya cavablandırılıb.
2020-ci ilin mart ayından başlayaraq vətəndaşların fərdi və kollektiv qaydada qəbulu dayandırıldığından qəbul digər vasitələrlə həyata keçirilib.
Plenumda Ali Məhkəmənin Kollegiya sədrlərinin 2020-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məruzələri dinlənilib.
Plenumda hər bir məruzə ətrafında geniş müzakirələr və təhlillər aparılıb.
Ali Məhkəmənin icraatında 2020-ci ildə 2019-cu ilə nisbətən az iş olub. Bu səbəbdən baxılmış işlər - Mülki Kollegiyada 34,6 faiz, Kommersiya Kollegiyasında 47,4 faiz, İnzibati Kollegiyada 29,5 faiz, Cinayət Kollegiyasında 41 faiz azalıb. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 29,9 faiz azalıb.
Plenumda 2019-cu ildə 21 işə baxıldığı halda, 2020-ci ildə cəmi 16 işə baxılıb.
Ali Məhkəməyə edilən müraciətlərdə də azalma müşahidə olunub. Bütün bu azalmalar Azərbaycanda indi də davam edən pandemiya şəraiti ilə əlaqələndirilib.
Bildirlib ki, ləğv olunan məhkəmə qərarlarının statistikası aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilən qərarların keyfiyyətinin əvvəlki illərə nisbətən yüksək olmasını göstərir.
Plenumda Ali Məhkəmənin 4 əməkdaşının hakim seçildiyi qeyd edilib.
Plenumda Ali Məhkəmənin 2021-ci ilə dair iş planı təsdiq edilib.
Plenumda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.