Modern.az

Komitə sədri şəhid ailələri ilə görüşdü - FOTO

Komitə sədri şəhid ailələri ilə görüşdü - FOTO

19 Fevral 2021, 20:26

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Salyan rayon sakini, Vətən müharibəsinin şəhidi, kapitan Samir Mehdiyevin atası, tanınmış mədəniyyət işçisi Valeh Ədalət oğlu Mehdiyevlə parlamentdə görüşüb.

 

Modern.az xəbər verir ki, Valeh Mehdiyev şəhid zabitin həyat və döyüş yolu haqqında danışıb.

 

Valeh Mehdiyevin uzun müddət mədəniyyətimizə xidmət etdiyini, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində rolundan danışan komitə sədri, onun öz sevgisini, tərbiyəsini böyük ölçüdə övladına da ötürə bildiyini vurğulayıb:

 

"Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş zabitimizin atasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik! Samir 2016-cı il Aprel Döyüşlərində də iştirak edib və cənab Prezidentin Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunub. Vətən müharibəsində tabor komandiri olaraq igidlik və peşəkarlıqla döyüşən oğlunuz, Füzuli rayonu ərazisində, Qaraxanbəyli istiqamətində əsgərləri ilə çiyin-çiyinə vuruşub, düşməni məğlub etdikdən sonra, qəhrəmancasına şəhid olub. Zabit oğlunuz Azərbaycan Prezidentinin Sərəncamları ilə "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. Samir kimi hərbçilərimizlə hər zaman qürur duyacağıq! Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycan tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətəncanlı övlad böyütdüyünüz üçün təşəkkür edirik"!

 

Şəhid atasına komitə adından Təbrik və Təşəkkür Məktubu təqdim edilib. 

 

** *

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi, leytenant Teymur Abbasovun həyat yoldaşı Sonaxanım Abbasova, övladları Feyruz və Siruzla Milli Məclisdə görüşüb, şəhid zabitin oğullarının təhsili ilə maraqlanıb, ürək sözlərini bölüşüb:

 

"Vətəncanlı zabitimiz Teymur Ababsov və onun silahdaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Şəhid zabitimiz haqqında filmlə də tanışıq, anasının, döyüş yoldaşlarının fikirləri ilə də. Teymur kimi vətəncanlı, mərd zabitlərimizlə hamımız qürur duyuruq, ancaq bu qürur ilk növbədə sizə aiddir.

Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!

Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz şəhid ailəsi üzvlərisiz. Sizi təbrik edirəm, əziz bacım! Vətənpərvər zabitimizin ömrü oğullarınız Feyruz və Siruzda yaşasın"!

 

Şəhid zabitin ailəsinə komitə adından Məktub və xatirə hədiyyələri təqdim edilib.

 

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal