Modern.az

Qurban Qurbanov müdafiəçinin hərəkətindən narazı qalıb

Qurban Qurbanov müdafiəçinin hərəkətindən narazı qalıb

19 Fevral 2021, 20:58

"Bu gün sadəcə qol çatmadı. Futbolçularımdan çox razı qaldım. Hər matç bizə böyük təcrübə verir. Daha da yaxşı olmalıyıq ki, belə görüşlərdə qalib gələk".

 

Modern.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

 

49 yaşlı mütəxəssis nəticənin ədalətli olmadığını bildirib:

"Bu qədər qol epizodundan sonra qalib gəlməmək ədalətsizlik sayıla bilər. Amma inanıram ki, bunun qarşılığını görəcəyik".

 

Baş məşqçi transfer etmədiklərinə görə təəssüf hissi keçirməsini söyləyib:

"Hamı oyunçu axtarışındadır. Pandemiya ilə bağlı ciddi dəyişikliklər oldu. Əlimizdəki futbolçuları qoruyub saxlamaq vacib idi".

 

Qurbanov Abbas Hüseynovun cərimə meydançasında yıxıldığı epizodu şərh edib:

"Özüm təkrarına baxmamışam. Sadəcə, toxunuş səsi gəldi. Bu oyunda hakim üçün idarəçilik çətin idi. Yan hakim epizodu daha düzgün görə bilərdi. Deyilənə görə, Patrik Andradenin epizodunda penalti var idi. Amma bu barədə danışmaq bizə yaraşmaz. Futbolçulara bəhanə vermək istəmirəm".

 

Mütəxəssis Kevin Medinaya cəza verdiklərini vurğulayıb:

"Qarşıdakı oyunlarda qalib gəlsək, mükafat almayacaq. Hərəkətindən çox narazı qaldım. Bu cür təcrübəli futbolçu belə səhvlər etməməlidir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal