Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı üçün ayrılan vaxt başa çatıb. Bu barədə Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) mətbuat xidmətindən məlumat verilib. Komisiyadan bildirilib ki, 2012 - 2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri 2012-ci il avqustun 13-də TQDK-nın internet saytında yerləşdirilən və qəbul olunan bakalavrların siyahısı “Magistr” jurnalının 7-ci sayında dərc olunub.
Müsabiqə nəticəsində 346 nəfər bakalavr magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanıb. Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olunanlar 2012-cu il avqustun 15-dən 24-dək sənədlərini qəbul olunduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməli idilər. Beləliklə, qeydiyyat üçün ayrılan müddət avqustun 24-də başa çatıb.
Bildirilib ki, qeydiyyat üçün ayrılan müddətdə 346 bakalavrdan 261 nəfəri qəbul olunduğu ali təhsil müəssisəsində qeydiyyatdan keçib, 85 nəfəri isə qeydiyyatdan keçməyib.
TQDK Qeydiyyatdan keçməyən bakalavrların nəzərinə çatdırır ki, verilən müddətdə qeydiyyatdan keçməyən bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.
Modern.az