Fevralın 21-də saat 13 radələrində Yevlax rayonun Qaraoğlan kəndi ərazisində 1983-cü il təvəllüdlü̈ Səfərov Xəyal Qəmbər oğlunun üzərində odlu silah yarası xəsarəti olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Yevlax Rayon Prokurorluğunun Modern.az-a daxil olan məlumatında bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış̧ ilkin araşdırmalarla zərərçəkmişin qonşusu 1990-cı il təvəllüdlü̈ Qorxmaz Həsənəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış̧ mübahisə zamanı odlu silahdan atəş açaraq Xəyal Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Qorxmaz Həsənəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.