Qusar rayon təhsil şöbəsinin müdir əvəzi Yüzbəy Abuyev rayonda 5-9-cu siniflərdə ləzgi dili dərsliklərinin çatışmadığını, bu məsələnin problem olduğunu da deyib.
Modern.az xəbər verir ki, qusarlı şagirdlərin problemindən Təhsil Nazirliyi də xəbərdardır.
Bunun üçün nazirlik dərslik yaza bilən savadlı mütəxəssisləri-ləzgi dili müəllimlərini quruma dəvət edib. Respublikanın ləzgilər yaşayan Oğuz, Qəbələ, İsmayıllı, Quba, Xaçmaz rayonlarından olan ləzgi dilli pedaqoqlar da Təhsil Nazirliyinə çağrılıb, seçim edilən müəllimlərin ləzgi dili dərsliklərini hazırlamağa şərait yaradılacaq.
Yüzbəy Abuyev məlumat verib ki, 21 fevral - Beynəlxalq Ana dili günündə qusarlı məktəblilər Azərbaycanın Dövlət dili olan Azərbaycan dilini də öz ana dilləri hesab edir, keçirilən dil bayramı tədbirlərində bu dilin gözəlliyini, rəvan və səlisliyini tərənnüm edirlər.
Qusarda 21 fevral-Beynəlxalq Ana dili günü rayonun ləzgi dili tədris edilən təhsil ocaqlarının bəzilərində bir gün öncədən-20 fevralda qeyd edilib. Bəzi məktəblərdə isə dil tədbirləri qarşıdakı dərs günündə keçiriləcək. Qusar rayon təhsil şöbəsinin müdir əvəzi Yüzbəy Abuyev bu barədə məlumat verib. Onun sözlərinə görə, Qusarın 85 təhsil ocağından 82-də 1-9 siniflərdə həftədə 1 saat ləzgi dili tədris olunur. Arzu edən şagird və valideynlərin istəyilə məktəblərdə 5-9 -cu siniflərdə dərsdənkənar-fakültətiv məşğələlərdə ləzgi dili tədris edilir və arzusu olan şagirdlər milli ana dillərini məşğələlərdə əlavə olaraq öyrənirlər.
Qeyd edək ki, Qusarda əhalinin 91 faizini ləzgilər təşkil etdiyindən ləzgilər yaşayan kəndlərin təhsil ocaqlarında bu dil tədris edilir.
Xatırladaq ki, Dünyada 1999-cu ildən rəsmi bayram edilən Beynəlxalq Ana dili günündə Qusarda milliyyətindən asılı olmayaraq hər bir məktəbli həm Beynəlxalq Ana dili gününü, həm də 1 avqust-Azərbaycan dili və əlifbası gününü birgə qeyd edirlər. Beynəlxalq Ana dili gününün yaranma tarixinə gəlincə, 1952-ci ildə 9 benqal tələbənin öz ana dillərinin dövlət dili kimi tanınmamasına etiraz olaraq özlərini yandırmasından sonra BMT-nin qərarı ilə 21 fevral tarixi rəsmi olaraq Beynəlxalq Ana dili günü kimi təsis edilib.
Aytəkin Alxaslı