Son günlər ard-arda intihar xəbərləri yayılır. Hər gün saytlar və sosial şəbəkələrdə intihar edənlərin videoları, şəkilləri paylaşılır. Bəs bu xəbərlərin, foto və videoların yayılması nə dərəcədə düzgündür?
İntihar mövzusunu ictimailəşdirmək sonda hansısa belə hadisələrin baş verməsinə gətirib çıxara bilirmi?
Psixoloq Aytən Ələkbərova Modern.az-a bildirib ki, intihar olayları heç vaxt bu qədər ictimailəşdirilməyib:
“Əvvəlki dövrlərdə indiki kimi informasiya-kommunikasiya vasitələri olmadığına görə bizim məlumat alma və ötürmə imkanlarımız məhdud idi. Gün ərzində nə baş verdiyini ancaq axşam xəbərlərindən öyrənirdik. Bu gün isə informasiyanın çoxluğu, insanlarda yaranan stress intihara gətirib çıxarır”.
Psixoloq valideyn-övlad münasibətlərinə də toxunub. Qeyd edib ki, valideynlər hər zaman övladlarına çoxun mahiyyətini, nəyin düzgün olmadığını aşılamırlar:
“Övladlarının istəklərini nə üçün qəbul etdiklərini və ya nə üçün onlara icazə vermədiklərini izah etmirlər. Valideyn səhvi və düzü ilə övladının yanında olsa, onun işığı sönməz, intihara cəhd etməyi ağlından keçirməz. Bu gün informasiyanın çoxluğu, sosial şəbəkələrdə yayılan videolar, xəbərlər hər kəsə təsir edir və bu hadisələri ictimai qınağa çevirmək çox asandır. Bu ictimai qınağın içərisində insan eşitdiyi təhqirlərdən bezir və çıxış yolunu intiharda tapır. İntihar edən şəxs özünü ölümlə cəzalandırır və ətrafındakılara böyük bir dərs verir. İntihar hadisələri vaxtında araşdırılsa, bu cür problemlərlə üzləşmərik. Bu gün yaranan problemlər ümumi cəmiyyətin problemləridir. Bu problemlərin əsas səbəbi ailənin inkişafının bütün mərhələlərində məhəbbət sistemi və təməlinin olmamasıdır. Ailə ilə şəxsiyyət, məhəbbət arasında psixoloji bünövrə təməli qoyularsa, biz bu cür problemlərlə üzləşmərik”.
Mehri QURBAN