Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-ci il sentyabrın 2-də cari tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirəcək. Bu barədə Modern.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, abituriyentlər avqustun 28-i saat 12:30-dan etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Abituriyent imtahana gələrkən mütləq aşağıdakı sənədləri özü ilə gətirməlidir:
- İmtahana buraxılış vərəqəsini;
- Şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- 16 yaşı iyulun 24-dək tamam olmayan şəxslər, digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkli olan arayışı (Əlavə 1, Bax: ”Abituriyent”№ 4).
Qeyd edək ki, qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmaz şəhərlərində keçiriləcəkdir.
Anar RÜSTƏMOV