
Bir sıra kütləvi və elektron informasiya vasitələrində “28 May” stansiyasının Cəfər Cabbarlı meydanında yerləşən əsas giriş-çıxışında yeni eskalatorların quraşdırılması ilə bağlı yanlış məlumatlar yayılıb. Bu barədə Bakı Metropolitenindən Modern.az saytına məlumat verilib.
Məlumatda qeyd edilir ki, Bakı Metropolitenini rəhbərliyi kütləvi informasiya vasitələrinin və sərnişinlərin nəzərinə çatdırır ki, hazırda eskalatorların quraşdırılması tam sürətlə və təyin olunmuş cədvələ uyğun aparılır. 4 ədəd eskalatorun 4-ü də yerinə qoyulub. İki eskalator qaçış sınağına tam hazır vəziyyətdədir. Həftə sonuna qədər digər iki eskalator da sınaq qaçışına hazır olacaq. Gələn həftə ərzində eskalatorların sınağı və təkrar yoxlanması aparılacaq. Eyni zamanda, kassa və turniket zalları, maşın zalı və bütün müvafiq sahələrdə təmir-bərpa işi sürətləndiriləcək.
Bakı Metropoliteninin rəhbərliyi nəzərə çatdırır ki, yeni eskalatorlar tədris ilinin başlanğıcına, yəni 2012-ci il sentyabrın 15-ə qədər tam hazır vəziyyətdə sərnişinlərin istifadəsinə veriləcək.
“28 May” stansiyasının Cəfər Cabbarlı meydanında yerləşən əsas giriş-çıxışında yeni eskalatorların quraşdırılması artıq həlledici mərhələsinə qədəm qoyub. Burada sökülmüş LT tipli 3 ədəd eskalatorun əvəzinə Almaniyanın “Thyssen Krupp” şirkətinin istehsalı olan “Viktoriya” tipli 4 ədəd eskalator quraşdırılır.
Xatırladaq ki, mətbuatda “28 may” stansiyasının əsas girişinin ilin sonunda açılacağı məlumatı yayımlanmışdı.
Aytən Əliyeva