
Azərbaycanın ən böyük göllərindən biri olan Hacıqabul gölünün suyu azalır. Bu isə öz növbəsində ətraf aləmə mənfi təsirini göstərir. Gölün ərazisində bataqlıqların yaranması həyəcan təbili çalmağın vacibliyini vurğulayır.
“Hacıqabul gölü əvvəllər də su həcminə görə böyük göl olub. Bura Kür çayından hövzəsi olub. Kürün səviyyəsi qalxanda ora gələn su da bol olurdu. Eyni zamanda orada balıqçılıq təsərrüfatı olduğu üçün nasoslar vasitəsilə su vurulub səviyyə tənzimlənirdi. Daha sonra o təsərrüfat öz funksiyalarını yerinə yetirmədiyinə görə ləğv olunub. Eyni zamanda Hacıqabul şəhərindən tullantı suları axıdılırdı”.
Bu barədə
Modern.az saytına açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri Rasim Səttarzadə deyib. O, qeyd edib ki, hazırda Kür çayından və Hacıqabul şəhərindən də tullantı suları gölə axıdılmadığı üçün su balansı pozulub və göl quruyur.
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi orada mütəmadi olaraq araşdırmalar aparıb, qruntdan, sudan analizlər götürülüb. Müvafiq icra hakimiyyəti orqanlarına, ona aidiyyatı olan təşkilatlara təkliflər verilib ki, gölün qurumasının qarşısını necə almaq, ekoloji vəziyyəti necə bərpa etmək lazımdır. Təəssüf ki, hələ bu işlər görülməyib”.
Göllərin çoxunun süni yolla, neft məhsullarının dəryalara dolması nəticəsində yarandığını deyən R. Səttərzadə vurğulayıb ki, Hacıqabul gölü təbii göl olduğu üçün o bərpa olunmalıdır. “Göllərin hamısının qalması da məsləhət deyil. Elə göllər var ki, məsələn, neft məhsulları doludur. Neft məhsulları axıb hansısa dərəyə dolub göl və ya gölməçə olub. Amma onun suyunun nə canlı orqanizm, nə ətraf mühit, nə də ekologiya üçün xeyri var. Hacıqabul gölü isə təbii göl olduğu üçün sözsüz ki, su balansının bərpa olunması gələcəkdə canlı aləmin yaranması və s. üçün daha yaxşı olardı”.
R. Səttərzadə məsələ ilə bağlı dəfələrlə müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunduğunu vurğulayıb: “Hacıqabul gölü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olmayan göldür, sadəcə olaraq təbii su hövzəsi kimi biz onunla bağlı təklifləri yazmışıq və aidiyyatı qurumlara vermişik”.
Aytən Əliyeva