Modern.az

Hafiz Hacıyev: “Məni heç kim həbs edə bilməyəcək”

Hafiz Hacıyev: “Məni heç kim həbs edə bilməyəcək”

28 Avqust 2012, 17:42

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin mərhum eks-prezident Əbülfəz Elçibəyin zəhərlənərək öldürülməsi ilə bağlı iddiası və onun ətrafında yaranan söz-söhbət ölkə mətbuatının gündəmindən düşmür. Hafiz Hacıyecin bu məsələdə AXCP sədri Əli Kərimli haqqında söylədikləri müxtəlif aspektlərdən şərh edilir.

Hüquqşünas Aslan İsmayılov da məsələyə münasibət bildirərək qeyd edib ki, Hafiz Hacıyevin iddiası sübuta yetirilməsə, o yalan məlumat verdiyinə görə uzun müddətə həbs cəzasına məhkum edilməlidir.

A.İsmayılovun bu fikirləri qarşı tərəfi daha da hiddətləndirib. Hafiz Hacıyevdə Modern.az-a açıqlamasında tanınmış hüquqşünası sərt tənqid edib

“Aslan İsmayılov gedib öz keçmişini yadına salsın. Mən onu heç vaxt ciddi adam kimi tanımamışam. Xəbəri yoxdur ki, ondan istifadə edirlər. Təbii ki, haqqımda bu fikirləri gündəmə gətirənlər Əli Kərimovun yanında olan dırnaqarası hüquqşünaslardır. Mən onlara demək istəyirəm ki, artıq narahat olmayın. Əli Kərimovun Elçibəyi zəhərləməsi faktı sübuta yetirilib. Təbii ki, onların belə narahatçılığına əsas var. Bilirlər ki, Kərimov Əli yaxın günlərdə həbs olunacaq. Bunu belə siyasiləşdirməyin nə adı var ki?.

Hay-küy qaldırmaq heç nəyi dəyişməyəcək. Artıq həqiqətin üzə çıxmasına çox az vaxt qalıb. Aslan İsmayılovun mənim haqqımda fikir yürütməyə haqqı yoxdur. Dünən də Respublika Prokurorluğu məlumat yaydı ki, istintaq gedir. Aslan İsmayılov da indi durub keçmiş günlərini unudaraq, Hafiz Hacıyev haqda nəsə danışmağa nə haqqı var, nə də ixtiyarı var”.

MMP sədri həmçinin bildirib ki, istintaqa yaxın günlərdə bir çox tanınmış şəxslər cəlb olunacaqlar.

“Mən əvvəldə dediyim ki, bu işin üstünə düşmüşəm. İstintaq davam edir. Lazım olan adamların siyahısı istintaqa verilib, onlar da lazımı işləri görürlər. Odur ki, Aslan İsmayılov mənim qeydimə qalmasın, gedib öz gününə ağlasın. Onlar başlarını itiriblər. Mən istintaq sirrini yaymaq istəməzdim. Sadəcə onu deyərəm ki, bu işə aidiyyəti olan adamların hamısı istintaqa cəlb olunacaq”.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi