Modern.az

Gədəbəydə qaz problemi – bölgədən olan jurnalistlərin şərhi

Gədəbəydə qaz problemi – bölgədən olan jurnalistlərin şərhi

29 Avqust 2012, 15:43

Yay fəsli ən çox insanların qışa hazırlanması kimi yaddaşlarda həkk olunub. Müxtəlif mürəbbələr bişirilir, şorabalar bağlanılır və s. bununla yanaşı bizim kəndlərdə eyni zamanda insanlar qışda istiliklərini təmin etmək üçün də tədarük görürlər, odun alıb yığırlar. Bu xüsusilə qış uzun olan qərb rayonunda böyük problemə çevrilir. Bunlardan biri də Gədəby rayonudur. Rayonun əksər kəndlərində qaz olmadığı üçün insanlar qışda istiliklə bağlı əziyyət çəkirlər.

  “Ermənistanla sərhəddə yerləşən Gədəbəy rayonun əksər kəndlərində ciddi qaz problemi var. Prezidentin tapşırığı ilə 2010-cu ilin sonuna qədər “Azəriqaz” ora qaz çəkməli idi. Amma işlər getmir”. Bu sözləri Modern.az saytına açıqlamasında “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərhad Məmmədov deyib. O, Gədəbəyin yalnız bir kəndində qaz olduğunu qeyd edib. “Cəmi bir kənddə qaz var, o da çox az hissəsində var. Qalan kəndlərdə isə yoxdur. Qışda qızınmaq üçün hər ailəyə 8 kub odun lazım olur. Başqa mənbə olmadığı üçün odun meşələrdən tədarük olunur. Bu səbəbdən meşələr artıq tükənmək üzrədir. Nəticədə ekoloji problem yaranır”.  

Gədəbəy rayonundan olan digər jurnalist Nicat Sadıxlı da orada insanların mavi yanacaqla bağlı problem yaşadıqlarını vurğulayıb. “Gədəbəy dağ rayonudur. Hətta sovet dövründə belə ora qaz çəkilməmişdi. Sovet dövrünün son illərində rayon mərkəzi daxil olmaqla Gədəbəyin 9 kəndinə qaz çəkildi. Müstəqillik illərində bir sıra problemlər oldu deyə o məsələlər gündəmdən çıxdı. Son illərdə Gədəbəyin bir sıra kəndlərinə qaz çəkilişi davam edir və onlarda qaz var. Amma ən ciddi problem yaşadığım Şınıx zonasındadır. Şınıx zonasında 26 kənd var. Problem odur ki, o istiqamətdə də qaz çəkilib, həmin kəndlərə də 2011-ci ilin sonunda qaz veriləcəyi bildirilmişdi, amma alınmadı. 2012-ci il tamamlanmaq üzrədir, amma hələ də ora qaz çəkilməyib. Bildiyimiz kimi, Qərb rayonlarında qış uzun olur, oktyabrdan maya qədər. İstiliyi isə kənd camaatı məcbur olub odunla qarşılamağa çalışır. Bu da təbii ki, meşələrin qırılmağına səbəb olur”.  

Aytən Əliyeva
 
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi