Gürcüstanın Borçalı mahalında yaşayan azərbaycanlıların sosial durumunun yaxşı olmaması onların Azərbaycana axınına səbəb olur. Modern.az-ın məlumatına görə, bu səbəblərdən biri də artıb. Belə ki, Borçalı mahalında azərbaycanlılar yaşayan bölgələrdə milliyyətcə erməni olan zəngin şəxslər geniş torpaq sahələri alır, böyük imarətlər tikdirir və orada yaşayan azərbaycanlıları sıxışdırırlar.
Bu, böyük bir kampaniya şəklini alıb. Bununla həm də borçalılar psixoloji təzyiqlərə məruz qalırlar. Bölgənin aborigeni olasan, amma dünən gəlib ev alan səndən yaxşı yaşaya...Məsələ burasındadır ki, bu kampaniya demək olar ki, əksər azərbaycanlı kəndlərində açıq şəkildə görünür.
Başqa bir məqam, Ermənistan Gürcüstanda yaşayan ermənilərə pasport verir. Bundan sonra həmin ermənilər Gürcüstan pasportunu gizləyir, Ermənistan pasportu ilə Rusiyada çalışırlar. Ancaq bunun əksinə olaraq, dolanışıqlarını Rusiyadan ödəyən borçalılar demək olar ki, Rusiyadan tam olaraq sıxışdırılır.
Bütün bunlar isə Gürcüstandakı soydaşlarımızı dözülməz hala gətirir.
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə nigarançılığa əsas görmür. “Son zamanlarda Borçalı türklərinin Borçalıya qayıdışı, onların müəyyən mənada sosial rifahının yaxşılaşdırılması tendensiyası mövcuddur. Hətta daha çox evləri və daha yaraşıqlı evləri elə borçalılar tikir”.