Bir neçə il öncə Milli Məclisdə ictimai yerlərdə siqaret çəkməyin qadağan edilməsi haqqında qanun layihəsi müzakirə edilsə də, müəyyən səbəblər üzündən qəbul edilmədi. Qanun layihəsinin müzakirəsi ictimaiyyətdə müəyyən narazılıqlar yaratdı. Bundan başqa, sənədin gündəmdən düşməsini həm media, həm də bəzi rəsmi qurumlar “tütün mafiyası”nın buna mane olması ilə izah etdilər.
Modern.az-a açıqlama verən
Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, hazırda da bu məsələ gündəmdədir: “Azərbaycanda nəinki “siqaret mafiyası”nın təzyiqi, heç “siqaret mafiyası” da yoxdur. Bir az qanunun icra mexanizmi ilə bağlı tərəddüdlər var. Avropa mentaliteti, hətta Türkiyə mentaliteti ilə Azərbaycan mentaliteti bir deyil. Qanun qəbul ediləndən sonra bunun icrasını kimə tapşıracaqsan? Tutaq ki, çayxanada bir oğlan siqaret çəkir. Onu gəlib heç kəs cərimə etməyəcək. Cərimə edənin müdiri ilə danışacaq, onunla da məsələ həll olunacaq. Belə məsələlər var ki, bu qanun işləyəcək, ya işləməyəcək. Amma bu gün bu məsələ gündəmdən çıxmayıb, layihə də var”.
Deputat qeyd edib ki, Milli Məclisin payız sessiyasında qanun layihəsinə yenidən baxılacaq: “Payız sessiyasında biz o məsələni yenə təklif edəcəyik. Amma bu nə qədər payız sessiyasında reallaşacaq? Çünki payız sessiyası qısa bir sessiyadır. Sessiyada əsasəsən büdcənin müzakirələri gedəcək. Qanunun icrası ilə bağlı olan problemlər gərək həllini tapsın. Biz müvafiq icra hakimiyyəti orqanlarına da yazmışıq. Amma ortaq məxrəcə gələn bir icra planı hələ ki yoxdur. Türkiyədə bu qanun artıq 3 ildir ki, qəbul olunub və çox uğurla da işləyir. Amma bu, 1998-ci ildə müzakirəyə çıxdı, qanunun qəbulu isə 10 ildən sonra mümkün oldu. Biz də eyni yolu keçirik, artıq 3-4 ildir ki, bununla bağlı müzakirə gedir və iki kiçik qanun qəbul olunub”.
M. Quliyevin sözlərinə görə, bunlardan biri nəqliyyat vasitələrində siqaret çəkilməsinin qadağan olunması ilə bağlıdır: “Nəqliyyat vasitələrində siqaret çəkilməsinə qadağa qoyulub və 50 manat da cərimə sanksiyası var. Oktyabrda bu qanunun işləməsinin bir ili tamam olacaq. İkinci bir layihə isə biz düşünürük ki, tütün məmulatlarına qoyulan aksiz vergisi artırılsın. Bu da bir balaca məhdudlaşdıracaq. Yəni addım-addım bu yolu gəlirik və yaxşı nəticəsini də görəcəyik”, – deyə millət vəkili qeyd edib.
Nihadə Eyyubova