2021-ci il fevralın 26-da yerli və xarici jurnalistlər üçün cənab Prezident tərəfindən növbəti dəfə videoformatda keçirilən mətbuat konfransında respublikanın ictimai-siyasi həyatı, ölkədə həyata keçirilən islahatlar, eləcə də dövlətimizin xarici və daxili siyasətinin prioritet istiqamətləri haqqında geniş və məzmunlu fikirləri ilə dövlət başçısı bir daha ölkəmizin mövqeyini ortaya qoymaqla yanaşı, həm də özünü qətiyyətli lider və səriştəli dövlət xadimi kimi təsdiqlədi. 4 saatdan artıq davam edən mətbuat konfransında cənab Prezident 35-dən artıq media qurumunun ümumilikdə 50-dən artıq sualını cavablandırdı. Prezidentin ona ünvanlanan suallara yüksək həssaslıqla yanaşması, verilən sualları parlaq və dərin zəkası hesabına peşəkarlıqla və səbrlə cavablandırması bütün dünyanın diqqətini cəlb etmişdir. Həmçinin videokonfrans zamanı ingilis jurnalist tərəfindən “Siz artıq 4 saatdan artıq mətbuat konfransı keçirtməklə və 4 dildə jurnalistlərin suallarını cavablandırmaqla rekordu yenilədiniz” deməsi dünyanın aparıcı kütləvi informasiya vasitələrinin cənab Prezidentimizə verdiyi önəmin parlaq göstəricisidir.
Türkiyənin Qlobal Jurnalistlər Şurasının rəhbəri tərəfindən verilən 44 günlük Vətən müharibəsinin nəticələri, müharibədən sonra Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti ilə bağlı, Rusiyanın RİA-Novosti agentliyinin əməkdaşının Vətən müharibəsi zamanı azad olunmuş ərazilərdə infrastrukturun bərpası prosesində Rusiya şirkətlərinin iştirakı ilə bağlı suallarına cənab Prezidentimizin ətraflı və məzmunlu cavabları onun necə bir siyasətçi və eyni zamanda dövlət başçısı olmasını sübut etdi. Cənab Prezidentin qardaş Türkiyədən ezam olunmuş jurnalistə Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin post-müharibə dövrü üçün çox önəmli rolu, bu monitorinq mərkəzinin fəaliyyətinə verdiyi qiymət, eləcə də rusiyalı jurnalistin bərpa və quruculuq işlərinə dəvət edilən dövlətlərlə bağı sualını cavablandırarkən “bu barədə mən artıq bəyanat vermişəm. Biz dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Rusiya və Azərbaycan dost ölkələrdir” kimi fikirlərin səsləndirilməsi əslində dövlət başçımızın bölgənin inkişafına verdiyi dəstək və qonşu dövlətlərlə normal münasibətlərin qurulmasına verilən önəm kimi səciyyələndirilə bilər.
Ümumiyyətlə, cənab Prezident İlham Əliyevin media qurumlarına ayırdığı zaman, onun söz və fikir azadlığına verdiyi önəm demokratik dəyərlərə sadiqliyinin təcəssümüdür. Bu, eyni zamanda ikili standartlardan yaxa qurtara bilməyən bəzi dövlətlər, müxtəlif maraqlı şəxslər və ya qeyri-hökumət təşkilatları tərəfindən ölkəmizdə söz və mətbuat azadlığına şəraitin mövcud olmaması və ya buna bənzər mühütin formalaşdığını iddia etmələrinə tutarlı cavabdır.
Bu gün böyük fəxr hissi ilə qeyd etmək olar ki, Azərbaycan özünün Lideri ilə uğurla inkişaf edir və dünya birlyində öz yerini daha da möhkəmləndirir.Buna isə xalq-dövlət birliyi ilə nail olunur.
44 günlük Vətən müharibəsi zamanı kütləvi-informasiya vasitələri - həm ənənəvi mətbuat, həm sayt və televiziyalar, həm də sosial şəbəkə istifadəçiləri dövlət başçısı ətrafında birlik nümayiş etdirməklə möhtəşəm qələbəyə öz töhfələrini verdilər.
Cənab Prezidentin məhz Xocalı soyqırımı günündə konfransa qatılması Azərbaycanın haqq səsinin dünya gündəminə gətirilməsində mühüm rol oynadı. Bu gün dünya mətbuatında konfransın yaratdığı əks-səda haqqında gedən xəbərləri eşitdikcə Prezidentimizlə qürur duyuruq.
Əlipənah Bayramov,
Lerik sakini, jurnalist