Son günlər mediada xaricdə təhsillə bağlı reklamlar gedir. Bu şirnikləşdirici reklamlar və işbazların aldadıcı informasiyaları nəticəsində xaricə yollanan tələbənin sonucda ya aldığı diplom tanınmır, ya da xaricdə təhsilalma şansının olmadığı müəyyən olunur. Arada isə itən təhsilhaqqı adı altında ödənilən pullar olur.
Bir müddət əvvəl Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) valideynlərə və abituriyentlərə səslənərək bildirib ki, xarici ölkələrin ali məktəblərinə imtahansız qəbulla bağlı verilən elanlara aldanmasınlar. TQDK sədri qeyd edib ki, bu məsələlərdə valideynlər diqqətli olmalı, TQDK-nın məlumatları əsasında qərar verməlidirlər. Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Kamilə Əliyeva
Modern.az-a açıqlamasında bildirib ki, tələbə qəbulu üzrə yeganə qurum TQDK-dır:
“Bu məsələ ilə bağlı mənim fikrim konkretdir. Mən Azərbaycanda tələbə qəbulu üzrə yeganə qurum kimi yalnız TQDK-nı qəbul edirəm. Valideynlər bilməlidirlər ki, övladlarını istər burda, istərsə də xaricdə təhsil almaları üçün yalnız qanuni yoldan istifadə etməlidirlər. Bu da TQDK vasitəsilə həyata keçirilir. Müxtəlif insanlar, qurumlar media vasitəsilə tələbələrin xaricdə təhsili ilə əlaqədar müxtəlif elanlar verirlər. Mən bir daha valideynlərin nəzərinə çatdırmaq istəyirəm ki, sonradan başları ağrımasın deyə həmin elanlara inanmasınlar. Çünki abituriyentlər xaricdə təhsillərini bitirəndən sonra müəyyən diplomla qayıdanda, yaxud onların təhsilləri orada yarımçıq qalanda müvafiq qurumlara müraciət edərək problemlərlə qarşılaşdıqlarını deyirlər”.
Deputat qeyd edib ki, bu halların baş verməməsi üçün valideynlər arasında maarifləndirmə işləri aparılmalıdır:
“Valideynlər bilməlidirlər ki, övladları xaricdə yalnız TQDK-nın köməkliyi ilə təhsil ala bilərlər. Bu zaman onların diplomları etibarlı sayılır. Valideynlər çalışmalıdırlar ki, dövlət xətti ilə övladlarını oxumağa göndərsinlər. Yoxsa hər yerindən duran adam, yaxud hüquqi bir şəxs nəsə açır və deyir ki, mən xaricdə təhsil üçün tələbə yollayıram... Valideyn bilmir ki, orada onun övladını nə gözləyir? Sonradan övladının aqibəti necə olacaq? Bu qurumlara da dövlət heç bir nəzarət edə bilməz”.
Nihadə Eyyubova