Modern.az-da “Estafet” rubrikasının on ikinci qonağı şair-yazıçı Şərif Ağayardır.
Xatırladaq ki, rubrikamızın bundan öncə qonağı olmuş Murda Köhnəqala Şərif Ağayara bu sualları ünvanlamışdı:
-Kitab halında çap olunduqdan sonra “Haramı” romanını özün oxumusanmı? Xoşuna gəlirmi, yəni?
- “Haramı”nın satışı necədir? Ümumiyyətlə, oxucuların az olması barədə nə deyə bilərsiniz.
Şərif Ağayar Modern.az vasitəsilə Murad Köhnəqalaya cavab verdi:
- Bilirəm, ustad Murad Köhnəqala niyə bu sualı verir. Onun qalın kitablardan zəhləsi gedir. Bir dəfə Orxan Pamukun “Qar” romanını əlində sanballayaraq dedi ki, indi adam da bu boyda kitab yazar? Əslində bir mənada Murad bəyə haqq qazandırmaq olar. Çünki uzun zaman saxta müəlliflərin kərpic qalınlığında kitabları ilə bizi girinc ediblər. Amma, qayğılanmağa dəyməz, “Haramı” o qədər də qalın kitab deyil. Görünüşünə baxmayın!
Ümumiyyətlə, yazılarımı təkrar oxumağı sevirəm. Həm bir müddət keçəndən sonra səhvlərim və boş yerlərim daha rahat görünür, həm də yazılarıma başqa gözlə baxmağa çalışıram. “Haramı”nı kitab variantında da oxudum, bəli. Başdan ayağacan. Belə bir əsəri Azərbaycanda mən yaşda olan başqa bir müəllif yazmış olsaydı, onu ürəkdən təqdir edərdim. Bizim reallıqlara hesablayanda əsər xoşuma gəldi. Əslində, mən yazılarıma birmənalı münasibət göstərmirəm. Bəzən ovqatıma düşəndə bəyənirəm, bəzən zəhləm gedir. Deyirəm, bu nədir yazmışam? Hətta elə olub qərara gəlmişəm ki, daha yazmayacağam, kimin nə deməsindən asılı olmayaraq, mən bu işi bacarmıram. Di gəl, zaman keçdikcə içim təzədən başlayıb qımıldamağa...
Yazmaq xəstəlikdir, ciddi deyirəm. Nevrozun bir növüdür. Elə yazdığını çap edib diqqətlə oxumaq da!
- Bildiyiniz kimi bu kitab “Qanun” nəşriyyatının “Ən yeni ədəbiyyat” seriyasından 1000 nüsxəylə çap olunub. Bütün satış və yayım hüquqları nəşriyyata məxsusdur. Kitabın satışı əlbəttə ki, müəllif kimi məni maraqlandırıb və çoxdan bir dəfə soruşmuşam. Yaxşı idi. Siz bu sualı verəndə də, dərhal Şahbaz Xuduoğluna zəng çaldım. Cavabı belə oldu: “Azərbaycan reallığında normal saymaq olar.” Azərbaycan reallığı da zatən kitabın tirajından bəllidir. “Haramı”nın doğurduğu reaksiya məni qane etdi. Deyəsən, ən azı bu ifadəni ədəbiyyata gətirə bildim. Əsər haqqında çoxlu yazılar yazıldı, “Oxu zalı”nda müzakirəyə çıxarıldı, Facebook səhifəmə və e-mailimə onlarla məktub gəldi. Şifahi fikrini deyən, təqdir edən, tənqid edən, mənə nələrsə öyrətmək istəyən, məndən nələrsə öyrənmək istəyən çoxlu adamlar oldu.
“Haramı”nı iki cəhətinə görə bəxti gətirən kitab saymaq olar. Birincisi, oxunaqlıdır, dili yüyrək və cəlbedicidir. İkincisi, çoxsaylı müasir romanlarımız içərisində forma və məzmun baxımından oxşarı yoxdur. Azərbaycanda ciddi ədəbiyyatın oxucusu çox azdır. Təəssüf ki!
Bax elə Murad Köhnəqalanın özünün kitabı 15-20 min tirajla satılmırsa, bu faciədir. Muradın yox a, cəmiyyətin faciəsi. Xalq öz dəyərlərinə yiyə durmağı bacarmırsa, onu amansız həyatın, kütbeyin və nadan adamların ümidinə qoyursa vəziyyət mütəqəlqəldir!
Şərif Ağayar sualları cavablandırdıqdan sonra estafeti Milli Məclisin deputatı, Azərbaycanın əməkdar jurnalisti Aqil Abbasa ötürdü və ona öz suallarını ünvanladı:
- Niyə Knut Hamsunun Norveçin ucqar kəndlərinə sevgisi, Şopenin Polşaya ruhi bağlılığı deyil də, Azərbaycan yazıçısının yurd, torpaq sevgisi lokallıq və əyalət düşüncəsi sayılır? Bəlkə yalançı vətənpərvərliklə tuluğu suya vermişik...
- Ədəbiyyatla Qarabağ tərəzinin gözündə... Hansı ağır gələr? Lütfən, birini seçmək vacibdir...
Pərvin ARZUQIZI