Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri Qaradağda qatarla avtobusun toqquşduğu qəza barədə birgə məlumat yayıb.
Bildirilib ki, avqustun 31-də saat 07:30-da Bakı-Ağstafa marşrutu ilə hərəkət edən sərnişin qatarı Qaradağ rayonu ərazisində hərəkətdə olarkən "Daewoo" markalı, 10 TF 427 dövlət nömrə nişanlı 124 №-li sərnişin avtobusu ilə toqquşub.
Qeyd edilib ki, dərhal hadisə yerinə Daxili İşlər, Səhiyyə, Nəqliyyat və digər qurumların əməkdaşları gələrək qəzanın aradan qaldırılması, qəza nəticəsində xəsarət alan şəxslərə təcili tibbi yardım göstərilməsi və digər təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 262.3-cü (Dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma) və 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddələri ilə cinayət işi başlanıb.
"Hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yeri və meyitlərə baxış keçirilib və digər zəruri hərəkətlər aparılıb. İlkin məlumata görə hadisə nəticəsində 6 nəfər ölüb, 47 nəfər tibbi yardım göstərilməsi üçün şəhər Klinik Tibbi Mərkəzə və Travmatologiya xəstəxanasına yerləşdirilibdir. Xəsarət alanlardan artıq 18 nəfərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, 26 nəfərinin isə müalicələri davam etdirilir, onlardan 10-nun vəziyyəti orta ağır və ağırdır.
Hazırda şəhər prokurorluğunun istintaq idarəsində iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir. Ölən və xəsarət alanların şəxsiyyətləri dəqiqləşdirilir. İctimaiyyətə əlavə məlumat veriləcəkdir".
Qeyd edək ki, Baş Prokurorluqda (493-72-80), Daxili İşlər Nazirliyində (493-62-64), Səhiyyə Nazirliyində (565-12-75) nömrəli "Qaynar xətt" əlaqə mərkəzləri fəaliyyət göstərir.
****
Səhiyyə Nazirliyi bu gün səhər Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində avtobusla qatarın toqquşduğu ağır yol qəzası barədə yeni rəsmi məlumat açıqlayıb.
Nazirliyin mətbuat xidməti Anar Qədirlinin Modern.az saytına verdiyi məlumata görə, ümumilikdə 53 nəfər xəsarət alıb. Onlardan 6-sı ölüb. 35 nəfər Kliniki Tibbi Mərkəzə, 11 nəfər Travmatologiya və Ortopediya Elmi-Tədiqiqat İnstitutuna, 1 nəfər isə Neftçilər Xəsətəxanasına yerləşdirilib. Klinik Tibbi Mərkəzdən 26 nəfər, Travmotologiya və Ortopediya Elmi Tədqiqat İnstitutundan 1 nəfər, Neftçilər Xəstəxanasından 1 nəfər evə buraxılıb. 9 nəfərin isə vəziyyəti ağırdır. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.
Aytən ƏLİYEVA