Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-ci il sentyabrın 2-də cari tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisastəhsili müəssisələrinə qəbul imtahanı keçirəcəkdir.TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qəbul qaydaları, qəbul haqqında elan, qəbul aparılan ixtisasların siyahısı və plan yerləri haqqında məlumat “Abituriyent” jurnalının 4-cü sayında dərc olunub.
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu ilə bağlı abituriyentlər ərizələrini internet vasitəsilə doldurublar. Bundan sonra abituriyentlər tələb olunan sənədləri təhsil aldıqları müəssisənin yerləşdiyi rayonda fəaliyyət göstərən SQK-ya təqdim edərək ərizələrini təsdiq etdiriblər. Bu proses avqustun 1-dən 24-dək aparılıb.
Qəbul imtahanında iştirak etmək üçün 35677 abituriyent ərizə təqdim edib. Abituriyentlər avqustun 27-dən etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Bildirilib k, abituriyent imtahana gələrkən aşağıdakı sənədləri özü ilə gətirməlidir:
- İmtahana buraxılış vərəqəsini;
- Şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- 16 yaşı iyulun 24-dək tamam olmayan şəxslər, digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkli olan arayışı (Əlavə 1, Bax: ”Abituriyent”№ 4).
İmtahanın keçirilməsi üçün həmin şəhər və rayonlarda 66 imtahan binası, 250 imtahan rəhbəri, 2802 nəzarətçi-müəllim ayrılıbdır.
Qeyd edək ki, abituriyentlər 1 saat 30 dəqiqə ərzində hər fəndən 15 sual olmaqla Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər. Rus bölməsinin abituriyentləri ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı Azərbaycan dil fənnindən də imtahan verəcəklər. Həmin abituriyentlərə Azərbaycan dilindən 5, rus dilindən isə 10 sual təqdim olunacaq.
Xatırladaq ki, cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasında 662 ixtisas kodu üzrə 47 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır. Ayrılmış 10404 plan yerindən 8821-i Azərbaycan bölməsinə, 32 yer rus bölməsinə, 1551 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir.
Anar RÜSTƏMOV