Hər il avqustun 30-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşəbbüsü ilə münaqişə bölgələrində itkin düşmüş şəxslərin xatirəsi yad olunur, anım mərasimləri keçirilir.
BQXK bildirib ki, münaqişələr nəticəsində yaranmış ən ciddi problem hələ də minlərlə ailəni narahat etməkdədir. İtkin düşənlərin ailələri qeyri-müəyyən vəziyyətdə qalıb, onlar öz əzizlərinin öldüyünü güman edir, lakin bunun sübutu olmadığından yas tuta bilmir və doğmalarının qayıdacağına az da olsa ümid bəsləyirlər.
Bütün müharibə aparan ölkələr kimi Azərbaycan da itkin problemindən əziyyət çəkir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılovun Modern.az saytına verdiyi məlumata görə, 1 avqust 2012-ci il tarixinə 4068 nəfər azərbaycanlı itkin düşmüş şəxs kimi Komissiyanın qeydiyyatındadır. Onlardan 3274 nəfəri hərbçi, 791-i nəfəri mülki şəxsdir. 3 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil. Mülki şəxslərdən 47 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfəri azyaşlı qız, 30 nəfəri isə oğlandır), 258 nəfəri qadın, 357 nəfəri yaşlı şəxsdir.
İtkin düşmüş 4068 nəfərdən 877 nəfərinin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri alınıb. 877 nəfərdən 22-si uşaq, 99-u qadın, 133 nəfəri qocalardır.
Münaqişənin əvvəlindən bu günə kimi 1401 nəfər erməni əsir və girovluğundan azad olunub. Onlardan 175 nəfəri uşaq, 342 nəfəri qadın, 289 nəfəri qocalardır.
Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 553 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən olunub. Onlardan 104-ü qadın, 448-i kişidir, 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.
Gültəkin ƏLƏSGƏR