Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycan Ordusunun zabiti Ramil Səfərovu qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, vətənə dönməsi və prezident İlham Əliyev tərəfindən əvf olunması münasibəti ilə R.Səfərovu təbrik edən müdafiə naziri onu mayor rütbəsi ilə təltif edərək gələcək hərbi fəaliyyətində uğurlar arzulayıb.
Müdafiə naziri Azərbaycan zabitinə – vətəndaşına göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə öz dərin təşəkkürünü bildirməklə yanaşı atılan bu addımı Azərbaycan xalqı qarşısında misilsiz xidmət kimi qiymətləndirib.
Qeyd edək ki, Azərbaycan Milli Ordusunun zabiti Ramil Səfərov indiyədək baş leytenant hərbi rütbəsinə malik idi.
Ramil Sahib oğlu Səfərov 26 avqust 1977-ci ildə Azərbaycanın Cəbrayıl rayonunda anadan olub. Hələ körpə olanda erməni vəhşiliklərini öz gözləri ilə görən Ramildə onlara qarşı əbədi nifrəti yaranıb. Düşmənə sonsuz nifrəti, Vətənə dərin məhəbbəti Ramili hərbi məkrəbdə təhsil almağa istiqamətləndirib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə daxil olub, sonra isə təhsilini Türkiyədə davam etdirib.
Ramil Səfərov 2004-cü il yanvarın əvvəlində Macarıstanın paytaxtı Budapeştə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kursa göndərilmişdi. O, həmin il fevralın 19-da eyni kursda təlim keçən erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını təhqir elədiyinə görə öldürdüyündən ömürlük həbs cəzası almışdı.
Zabitimiz 2012-ci il avqustun 31-də Azərbaycana ekstradisiya olunaraq əfv edilib.
Modern.az