
Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı Dağlıq Qarabağın Azərbaycanlı İcmasının ofisində görüş keçirilib. Modern.az xəbər verir ki, görüşdə millət vəkilləri və Qarabağ İcmasının rəhbəri çıxış edərək prezidentin əfv sərəncamını yüksək qiymətləndiriblər.
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov prezidentə təşəkkür edib: “Bütün Azərbaycan xalqı bu addıma sevinir əsasən də Qarabağlılar. Ramil Səfərovun vətənə dönməsinə Dağlıq Qarabağdan olanlar daha çox sevinir. Mən bunu bir daha Azərbaycanın Ermənistan üzərindəki qələbəsi hesab edirəm”.
Daha sonra çıxış edən millət vəkili Rövşən Rzayev də prezidentə təşəkkür edərək bildirib ki, bu Azərbaycan xalqının uğurudur. Ramil Səfərovun erməni zabitini öldürərkən affekt vəziyyətdə olduğunu deyən millət vəkilinin sözlərinə görə, Macarıstan hökuməti erməni lobbisinin təzyiqinə məruz qalaraq, zabitimizi çox ağır cəzalandırmışdı:
“Hətta o, 30 il müddətində bu qərara etiraz edə bilməzdi. Onsuz da onun haqqında çıxarılan hökumlərin hamısı ədalətsiz idi. Ona görə də prezidentin bu addımı hamı tərəfindən rəğbətlə qarşılandı. Onu da bildirdi ki, Azərbaycan hökuməti axıra kimi Ramil Səfərovun arxasında dayandı. Onu oxutdu, Macarıstana göndərdi. Amma Ramil Səfərov dövlətin atributu sayılan bayrağa olan təhqirlərə dözə bilməyib bu addımı atdı. Lakin Azərbaycan hökuməti hər zaman olduğu kimi bu dəfə də onu tək buraxmadı və onun vətənə ekstradisiya olunmasına nail oldu”.




Anar Kəlbiyev