Bu gün Azərbaycan mətbuat ailəsinin sayılan üzvlərindən biri - Modern.az internet portalının 3 yaşı tamam olur. Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin media layihəsi olan bu sayt təqdimatından da göründüyü kimi Azərbaycanda, dünyada baş verən hadisələr barədə oxucularına operativ məlumatlar vermək, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim etmək missiyasını öz çiyinlərində daşıyır.
Doğrudur, hazırki müasir və sürətlə dəyişən informasiya bolluğunda Modern.az-çıların qısa zaman kəsiyində kütləvi oxucu rəğbəti qazanmaları çox cəsarətli addımdır və bu addımın cəsarətli sayılması üçün çoxlu sayda amillər var. Amma bütün bunlara baxmayaraq, həmkarlarım Azərbaycan internet mətbuatının tərəfsiz, qərəzsiz daha bir nümunəsini yaratmaqdan, ortalığa qoymaqdan çəkinmədilər.
Modern.az-da fəaliyyətə başlayan kollektiv, bu sayta müəlliflik hüququ ilə qatılan ən müxtəlif simalar Azərbaycan oxucusunun tanıdığı, qələminə və zövqünə hörmət etdiyi adamlardan ibarətdir.
Təbii ki, Modern.az-çılar da digər saytlar kimi ölkənin ictimai-siyasi və iqtisadi problemlərindən yazır, eyni zamanda çalışırlar ki, öz yozumlarıyla bərabər Azərbaycanın ünlü isimlərinin də mövqelərinə geniş yer versinlər.
Başqalarını təqlid etməyən, Azərbaycan oxucusunun maraq dünyasını tədqiq etməyə və həmişə bu marağı nəzərə almağa çalışan Modern.az məhz bu cür inkişaf edir, böyüyür. Şübhə etmirik ki, bu üç il ərzində öz oxucu bazasını tapmaq əzmində olan və davamlı olaraq bu bazanı genişləndirmək imkanı olan bir kollektivin əməyinin nəticələri öz bəhrəsini verməkdədir.
Çox sevindiricidir ki, bu sayt Azərbaycanda ağıllı və dünyanı dərk edən adamların görüşlərini işıqlandırmaq, bu adamların baxışlarını kütləviləşdirmək, ölkənin problemlərinin həllinə, ən başlıcası isə informasiya bazarının zənginləşdirilməsinə xidmət edir, oxucularını maarifləndirməyi, onlara daim yeni xəbərlər çatdırmağı, hüquqlarının müdafiəsində durmağı layiqincə bacarır.
Hay-küy və intriqa, eləcə də boz mətbuat aşiqləri üçün bu sayt bəlkə də cazibədar deyil. Çünki Modern.az nə iqtidarı söyməkdə, nə də müxalifəti öyməkdə birincilik yarışına qoşulanlardandır. Yaxud da iqtidarı tərifləyib, müxalifəti söyüb birincilərdən tərif, hansısa mükafat uman, yalandan müxalifəti tərifləyib, iqtidarı söyüb yalançı cəsarət sərgiləynlərdən bu baxımdan üstündür.
Modern.az-da çalışan jurnalistlərin əksəriyyəti yaxından tanıdıqlarımdır, onların üzlərindəki təbəssümləri də sanki həmişə yazılarında öz əksini tapıb. Jurnalistika həm də onlar üçün “çörək ağacı”, “intriqa cəbhəsi” və s. bu tipli xoşagəlməz fəaliyyət və peşə meydanı sayılmayıb.
Modern.az 3 yaşında böyük xarüqələrə imza atmasa da, öz fəaliyyətilə sübut edib ki, yalnız alqışa, tərifə layiqdi. Daha doğrusu, bu saytın özünü belə təsdiqlədiyinin qənaətindəyəm. Ən azından ona görə, saytda bircə yazı tapa bilməzsən ki, aqressiv tonda yazılsın, həqiqəti əks etdirməsin, təhqirə yol verilsin kimsə buna şahidlik edə bilməz.
Əziz Modern.az-çılar, bir daha Sizi təbrik edirəm!
Belə böyüyün, belə yaşa dolun!