Azərbaycanda səfərdə olan Avropa Parlamentinin üzvləri sentyabrın 1-də Ağdam rayonuna gəliblər. Avropa Parlamentinin üzvləri, həmçinin Milli Məclisin deputatı Qənirə Paşayeva, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları əvvəlcə Ağdam Rayon İcra Hakimiyyətində olublar. Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş insanların problemləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə Ağdam rayonunun 77 faizi – Ağdam şəhəri, bir qəsəbə və 82 kənd işğal edilərək talan olunub və dağıdılıb. Rayonun 180 min əhalisindən 143 mini məcburi köçkün kimi respublikanın 62 rayon və şəhərində məskunlaşıb. Təcavüzkar Ermənistan dövləti BMT Təhlükəsizlik Şurasının münaqişənin sülh yolu ilə həlli, ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı 4 qətnaməsinə, həmçinin digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərarlarına məhəl qoymur. Qeyd olunub ki, Azərbaycan dövləti öz imkanları hesabına qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər görüb.
Təkcə Ağdamda məcburi köçkünlər üçün 17 qəsəbə salınıb.
Görüşdə qonaqların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məcburi köçkünlərin həyat şəraiti ilə bağlı sualları cavablandırılıb. Avropa Parlamentinin üzvlərinə Ağdamın işğaldan əvvəlki və sonrakı görüntüləri əks olunmuş “Qafqaz Xirosiması” filmi göstərilib, filmin diski və fotoalbom verilib. Avropa Parlamentinin üzvləri sonra mədəniyyət evində uşaq musiqi məktəbi xor kollektivinin ifasına baxıb, 2010-cu ilin noyabrında məcburi köçkünlərin istifadəsinə verilmiş 689 mənzilli qəsəbədəki 18 nömrəli məktəbə baş çəkiblər.
Qonaqlar məcburi köçkün Oruc Cabbarovun mənzilinə gedib, ailənin şəraiti ilə tanış olublar. Avropa Parlamentinin Slovakiyadan olan üzvü Boris Zala bildirib ki, səfərin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məcburi köçkünlərin problemləri ilə bağlı daha yaxından tanış olmaqdır. Boris Zala deyib: “Dağlıq Qarabağ münaqişəsi bizi narahat edir. Bilirik ki, münaqişə həll edilməsə, müharibə ola bilər. Yaxın gələcəkdə Azərbaycan Avropa İttifaqının bir hissəsi olmalıdır. Lakin müharibə şəraiti davam etdikcə bu, mümkün deyil. Sülh isə yalnız o zaman ola bilər ki, işğal altındakı ərazilər azad edilsin. ATƏT-in Minsk qrupu səmərəsiz bir qrupdur. Avropa Parlamenti, Avropa İttifaqı münaqişənin həlli üçün yeni forma hazırlamalıdır. Bunun üçün Avropa İttifaqının kifayət qədər səlahiyyəti vardır”.
Modern.az