Məlum olduğu kimi, Həzrəti Əli yalnız İslamın deyil, ümumilikdə, insanlığın ən işıqlı adamlarından biridir. Təsəvvür edin, məşhur Xristian alimlərindən biri etiraf edir ki, İsanı Əlidən üstün tutmağa mənə vicdanım, Əlini İsadan üstün tutmağa isə dinim imkan vermir. Yəni, Xristian alimi faktiki olaraq, Həzrəti Əlini Peyğəmbər səviyyəsinə yüksəldir. Əslində Həzrəti Əlinin kəlamları da bu mətləbdən xəbər verir...
Mənə ən çox təsir edən, həyatın eniş-yoxuşlarında kömək edən kəlamlardan biri də Həzrəti Əliyə məxsusdur: Heç zaman mübahisə etməyin, mübahisələrin sonu yoxdur. Kəlamım məntiqi sadədir, mübahisə edən tərəflər təxminən köhnə hekayətdəki həmin ağac körpünün üstünə çıxan tərs keçilər mislindədir. Biri o birinə yol vermək istəmir, hətta buynuzlşırlar. Axırda ikisi də körpüdən çaya yıxılırlar...
Həzrəti Əli eyni zamanda buyurur ki, sözü üzə deməyin, yerə atın, yiyəsi gəlib özü tapacaq. Həzrətdən min il sonra yaşamış Amerika sosioıoqu və psixoloqu Deyl Karnegi bu məntiqin əsasında “İnsanların etibarını və dostları necə qazanmalı” adlı kitab yazır və dünya şöhrəti qazanır. Bəli,sözü üzə demək sözdə asandır, işdə isə dərhal düşmən qazanırsan, ən azı dostluqdan məhrum olursan. İnanmırsız? –Axmağa axmaq, eybəcərə eybəcər deyin. Nəticəsini görərsiz. Amma Həzrətin kəlamına əməl etməyiniz məsləhətdir...
Qalib ARİF