Əkbər QOŞALI
“Dünya dəyişir” – bu söz köhnə sözdür, dünya dəyişsə də, bu deyim, deyimin ifadə etdiyi anlam dəyişməyib deyə bilərik. Din də, elm də, dünyanın dəyişdiyini deyir, necə deyərlər, özümüz öz ömrümüzdə gördüklərimizlə də bu deyimin anlam sabitliyini qoruduğunu bilirik: dəyişir dünya.
Dünya dəyişimlərinə qarşı bir çox hallarda hazırlıqsız yaxalandığımız olub. Özəlliklə, XX yüzilin başlarında və sonlarında... – Torpaq itirmişik, soydaşlarımızı, vətəndaşlarımızı itirmişik, özümüzə məhəbbəti, inamı itirmişik, mədəni abidələrimiz dağıdılıb yaxud dəyişdirilrilib, özgələşdirilib, mənimsənilib və s. Tanrıya çox şükürlər, bütün itkilərə, bizə qarşı fitnə-fəsadlara, oyunlara baxmayaraq, bugün müstəqil dövlətimiz var, tarixi torpaqlarımızın 86.6 min kv. km.-ində olsa da, suveren respublikamız var, daha böyük hədəflərə, tarixi haqlarımıza yönümüz var, eşqimiz, ruhumuz var! Bunlar çox- çox önəmli məqamlardır.
Dünyanın yeni dəyişim dönəmində Azərbaycanın əldə etdiyi uğurlar gözardı edilə bilməz. Şükranlığa layiq bu uğurların memarı var, əlbəttə. Əlbəttə, ölçülü-biçili siyasət, bu siyasətin alovlu vətənpərvərliklə, daha irəli sözlə desək, vətəncanlılıqla görülməsi uğurlarımızın təməlini təşkil edir. Əgər XX yüzilin başlarında, XX yüzilin sonlarında böyük itkilərimz oldusa, bizim torpaqlarda Ermənistan adlı “dövlət” yaxud oyuncaq rejim yarandısa, insanlarımız soyqırım aktlarına məruz qaldısa, bu dəfə biz öz gücümüzü göstərdik, haqqımız olanı aldıq, qorduduq, işğalçının başını əzdik. Müzəffər Ordumuz Ali Baş Komandanın başçılığı ilə xarüqələr yaratdı!
Qarabağımız işğal mədəniyyətsizliyindən quruculuq mədəniyyətinə keçid mərhələsindədir. İllərlə dünya erməniliyinin toruna düşmüş yaxud özünü qanmaz yerinə qoyanlar ayılıb, ayıldılıb, yeni reallıqlarla barışmağa məcbur qılınıb...
Azərbaycanın beynəlxalq aləmdə imici hər zaman müsbət olub. Bizim kimi qonşu, tərəfdaş hər kəsin şansı, qazancıdır. Bunu idrak etməyən uğursuz dövlət artıq ənənəvi havadarlarından belə istədiyi dəstək və məhəbbəti görmür, görməyəcək də. Maşa olmaq, başqasının qısqırtması ilə şirnikmək İlahi ədalətlə elə bir geridönüş edib ki, indi ilan öz quyruğunu dişləyir... Azərbaycanın dövlət başçısının 26 fevral 2021-ci il tarixli (və tarixi!) mətbuat konfransında vurğuladığı kimi, respublikamız öz müstəqilliyini elan etdikdən sonra regional və beynəlxalq aləmdə həyata keçirilən, iştirakçısı olduğu bütün layihələrdə yerini, tərəfdaş ciddiyyətini uğurla qoruyub saxlayır. Tərəfdaş ciddiyyəti! – bu çox önəmli təsbitdir. Aleksandr Dümaya aid olan bir dəyərləndirmənin məzmununu burada xatırlatmaq istərdim: “Qafqazda üç əsas xalq var, onlardan azərbaycanlılarla (Dümaya görə, “Qafqaz tatarları”) iş görmək istəsən, kişi sözü al, yetərlidir; gürcülərlə müqavilə bağla, sonra iş gör, ermənilərlə müqavilə bağladıqdan sonra da, nəzarətini, zirəkliyini itirmə, onlara etibar etmə”...
Azərbaycanın Ermənistan kimi saxta, uğursuz bir dövlətlə qonşuluğu bizimçün həm problemdir həm də başqalarına müqayisə imkanı yaratmağı ilə, bizi (necə deyərlər) ayaqda dimdik durmağa vadar etməsi ilə hansısa faydaları da vardır. Təsəvvür edin: Ermənistan kimi birgəyaşayışdan uzaq, monoetnik, işğalçılıq və terrorçuluğu nominal dövlət siyasətinə çevirmiş, başqalarının yaxşı nəyi varsa özününküləşdirməyə çalışan uğursuz dövlət, digər tərəfdə həqiqi, ədalətli sülhün tərəfdarı və təsisçisi, birgəyaşayışın ən gözəl örnəklərinə malik – sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanına çevrilmiş, çkiçəklənən Azərbaycan! Bu iki açıqara fərqli zehniyyət (mədəniyyət) sınır qonşusu olunca Şərlə Xeyir, Cəhalətlə Aydınlıq üz-üzə gəlmiş olur...
Bəli, Azərbaycan öz xeyirxahlığı və tərəfdaş ciddiyyəti ilə seçilir. “Azərbaycanın iştirak etdiyi layihələrlə bağlı vaxtında verdiyi qərarlar, gördüyü tədbirlər, öhdəliklərinə məsuliyyətli yanaşması və qarşılıqlı mənafeləri qoruması onun imicini yüksəldib, etibarlı tərəfdaş olduğunu sübut edib”. – Bu böyük tabloya qarşılıq Ermənistan nə durumdadır? Xeyirxahdır? – Deyil! – Xeyirxah təfəkkür soyqırım, işğal, köçə məcburetmə, terror siyasətini yaxına qoymamamlıydı. Hansısa layihələrin başlanğıcı, müdafiəçisi, töhfə verənidir? – Əsla! – Tam əksinə bölgə üçün, elə Ermənistanın özü üçün həyati önəm daşıyan layihələrin önündə əngəl olub yaxud əngəl olmağa çalışıb. Öhdəliklərinə sadiqdir? – Əsla və əsla! – Uzağa getmədən, 44 günlük Vətən Müharibəsində, müharibəsonrası iki Üçtərəfli Bəyanatda ehtiva olunan öhdəliklərinə sadiq olmadığı hər halından bəlli... Bununla belə, artıq daş qayaya rast gəlib, bu dəfə kommunikasiyaların açılması ilə bağlı öhdəliklərini ya yerinə yetirəcək ya iflas edəcək. Belə olan halda Ermənistan və etibarlı tərəfdaş sözlərini bir cümlədə işlətmək belə günah sayıla bilər...
Sosial-iqtisadi sahədə Ermənistanın uğurlarımı var? – Bu yəqin ən yaxşı yumor hissi olanlar üçün belə çətin ifadə olardı... “Covid19” Ermənistanın iç üzünü göstərmişdi, qalanını da 44 günlük müharibə gün üzünə çıxardı... Hərbi-təhlükəsizlik sahələrində əməkdaşlıq qavramı isə Ermənistan üçün ancaq bu şəkildə ifadə oluna bilər: “Hərbi-təhlükəsizlik sahələrində asılılıq. Növbəti asılılıq”...
Ermənistan bütün öhdəliklərində qətiyyətsiz olub, yıxılmağa yer gəzib, pozuculuq etmək istəyib. SSRİ dövrü tam dotasiyada oturub, sonra işğal çörəyi ilə zəhərlənib, diaspor çörəyi yeyib – hər iki halda halallıq, comərdlik, haqq-hüquq olmayıb. İndi lələhüy qalan uğursuz dövlət, Dəmir Yumruğun diqtəsi ilə davranmağa məcburdur. Pis-yaxşı əməkdaşlıq sistemi içidnə olduğu ölkələrdə rəğbətlə qarşılanması, etibar qazanması, bərabərhüquqlu tərəfdaş kimi qəbul edilməsi qayət mümkünüsüzdür; çünki maşa, oyuncaq yerinə qoyulub – elə dövlətlərçün cızığından çıxa, boyundan yuxarı hoppana bilməz; ya da, oyunbazlıq edib, qeyri-səmimi olub və bu üzsülüyü də üzə düşüb... Di gəl, etibar qazan, di gəl, bərabərhüquqlu ol, görüm, necə olursan..?
Bəli, tam haqqımız var deyək ki Azərbaycan müttəfiqləri ilə səmimi olub. Çünki xarici siyasət kursunda özünəməxsus ardıcıllığı qoruyub; istərsə iqtisadi, istər də siyasi məsələlərdə həmişə ardıcıl, birmənalı mövqe nümayiş etdirib.
Dövlət başçısı öz çıxışlarında vaxtaşırı olaraq xarici siyasətin əsaslarına toxunarkən vurğuladığı kimi, bizim xarici siyasətimiz açıq və prinsipial siyasətdir. Respublikamızın xarici siyasətində gizlədiləsi məqam yoxdur. Bu da ondan irəli gəlir ki bizim milli maraqlarımıza əsaslanan xarici siyasətimiz, işbirliyinin möhkəmlənməsi üçün nəzərdə tutulur. Biz kiminsə haqqına girmirik, kiməsə aid olana haqq iddia etmirik, beynəlxalq hüquq normalarına zidd addımla planlaşdırmırıq. Kimdənsə umacağımız, yardım istəyimiz də yoxdur. Nəyi gizlədəcəyik ki? Hər kəs ədalətli olsun, beynəlxalq hüquqa sayğılı olsun, bizim haqqımıza girməsinlər – bizim meyarımız budur.
Respublikamızın beynəlxalq təşkilatlarla əməkdaşlıqda da qarşılıqlı maraq və mənafelərin qorunması istiqamətində çıxış etdiyi birmənalı həqiqətdir. BMT başda olmaqla beynəlxalq təşkilatların əsas prinsiplərinə sadiqlik nümayiş etdirən Azərbaycan, müxtəlif beynəlxalq təşkilatlarda səsvermələr zamanı məhz öz ədalətli qərarları, doğru səs verməsi, düzgün yanaşması ilə seçilib. Bütün açıq, gizli çətinliklərə baxmayaraq, Azərbaycan beynəlxalq aləmdə min bir zəhmətlə formalaşan şərəfli, ciddi imicini qoruyub saxlayır. Respublikamızın bu mövqeyi zamanın sınağından çıxmış qətiyyətli mövqedir. Örnəyi, BMT-də, digər beynəlxalq platformalarda həlledici səsvermələr zamanı biz Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyünü dəstəkləmişik, onlar da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
Bir sözlə, müstəqil Azərbaycan Respublikasının bütün əməli fəaliyyət sahələri üzrə, ədalətə, haqq əsaslanan strateji baxışı, özünəxas yanaşması var. Dövlətimizin iqtisadi, siyasi, təhlükəsizlik məsələlərinə çox aydın baxışı, təsəvvürü var. Ölkəmiz bu ümumi plan, bu aydın baxış əsasında əmin addımlarla irəliləyəcək, yeni uğurlar qazanacaqdır.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
BAYRAĞIMIZ UCA OLSUN!