Son zamanlar səs-küylü intihar hadisələri Azərbaycan cəmiyyətini əməlli-başlı silkələyir. Dünən isə Qaradağda 11-ci sinifdə oxuyan iki yeniyetmə qızın öz həyatlarına qəsd etmələri hamını dəhşətə gətirib.
Bəziləri şagirdlərin intiharında məktəb psixoloqlarını günahlandırır, onların öz işinin öhdəsindən gələ bilmədiyini deyirlər.
Psixoloq Elnur Rüstəmov mövzu ilə bağlı Modern.az-a bildirib ki, 2020-ci ilin aprel ayının 30-da Nazirlər Kabineti tərəfindən ümumtəhsil müəssələrində psixoloji təhsilin xidməti ilə bağlı qaydalar təsdiq olunub:
"Təhsil müəssələrində psixoloji xidmətin təşkili ilə bağlı bütün məqamlar qaydalarda öz əksini tapır və onların həyata keçirilməsi qalır. Şübhəsiz ki, məktəb psixoloqlarının bir hissəsi yenidən hazırlanmalı və ixtisasartırmaya cəlb olunmalıdırlar. Onlar həm şagirdlər, həm də şagirdlərin ailələri ilə psixoloji iş aparmalıdırlar. Demək olmaz ki, məktəb psixoloqları heç bir iş görmürlər, yetəri qədər hazırlıqlı olan psixoloqlar da var. Baş verən hadisələr də birbaşa məktəb psixoloqlarını günahlandırmaq düzgün deyil".
Elnur Rüstəmov valideyn-uşaq əlaqələrinədə toxunub.
"Bəzən valideyn öz düşüncəsində bir övlad yaradır. Düşünür ki, övladını tanıyır, amma belə deyil. Övladının nəyi bəyəndiyi, nəyi istədiyi, nələri qəbul edib-etmədiyi haqda valideynin heç bir fikri yoxdur. Valideyn görsə ki, övladında narahatlıq var, bununla bağlı mütləq tədbir görməlidir. Böyüyəndə düzələr, sonra qaydasına düşər və s. fikirlərlə hər şeyi ertələyirlər, valideyn vaxtında övladı ilə əlaqə qurmağı bacarmalıdır.
Ümumiyyətlə, intihar qərarı ani verilən bir qərar deyil. Bu qərar zamanla formalaşır və qəbul etmək lazımdır ki, intihar heç vaxt çarə olmur".
Mehri QURBAN