“Son zamanlar paytaxt küçələrində intensiv hərəkət müşahidə olunur”.
Modern.az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) sürücülərə xəbərdarlıq edilən xəbərdarlıqda bildirilib.
Rəsmi məlumata görə, günün pik saatlarında şəhərin mərkəzi küçə və prospektlərində yaranan sıxlıq zamanı sürücülər lüzumsuz olaraq səs siqnallarından istifadə edirlər:
“Qeyd olunan hal ilkolaraq, paytaxt sakinlərinin narahatlığına və haqlı narazılığına səbəb olur. “Yol Hərəkəti Haqqında Qanun”un tələbləri çərçivəsində səs siqnalları yaşayış məntəqələrində yalnız yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə istifadə oluna bilər. Əks təqdirdə bu hal inzibati xəta tərkibi yaradır və sürücülər İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən cərimə oluna bilərlər”.
“Bir daha sürücülərdən xahiş edirik ki, paytaxt sakinlərinin, həmçinin yollarda hərəkətdə olan digər şəxslərin hüquqlarının pozulmaması və inzibati məsuliyyətə cəlb olunmamaları üçün bu növ qayda pozuntusu törətməkdən çəkinsinlər”,- deyə BDYPİ-nin məlumatında qeyd edilib.