Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin Qəhrəmanı, şəhid polkovnik-leytenant Ramiz Cəfərovun həyat yoldaşı Sitarə Vaqif qızı Cəfərova ilə görüşüb.
Modern.az xəbər verir ki, Qəhrəman zabitin xanımına "işğalçı düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox Siz şəhid ailəsi üzvləri haqq edirsiz" deyən Q.Paşayeva ürək sözlərini onunla bölüşüb:
"Biz Sizə çox minnətdarıq! Şəhid Qəhrəmanımızın ruhu qarşısında dərin ehtiramla baş əyirik!
Sizin Rəbiqə, Nigar, Nərgiz, Nurlana adında dörd qızınız, Nurlan adında oğlunuz var. Qəhrəmanımızın ömrü övladlarında yaşasın. İndi Ramiz Cəfərov adı hamımız üçün əzizdir, doğmadır; Qəhrəman şəhidimizin adı ilk növbədə övladlarının baş ucalığı, alın açıqlığı, qürurudur.
Həyat yoldaşınız 2016-cı ilin Aprel döyüşlərində də savaşıb. O, hələ sağlığında "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı və bir sıra başqa medallarla təltif olunmuşdu.
Ramiz Cəfərov kimi peşəkar hərbçilərimizlə hər zaman qürur duyacağıq!
Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirk"!
Qəhrəman şəhidimizin həyat yoldaşına Komitə adından Təşəkkür Məktubu və xatirə hədiyyələri təqdim edilib.
Görüşdə RHİM İB sədri Arzu Bağırova iştirak edib və ürək sözlərini bölüşüb.
Qeyd edək ki Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Ramiz Sübhan oğlu Cəfərov (10.12.1974, Kiyev, Ukrayna - 05.11.2020, Şuşa, Azərbaycan) 1981-1989-cu illərdə Sumqayıt şəhərinin 11 saylı tam orta məкtəbində, 1989-1992-ci illərdə isə C.Naxçıvanski adına Hərbi Liseydə oxuyub. 1992-1996-cı illərdə Ryazan Hava Desant Liseyində ali hərbi təhsil alıb. O, alman, ingilis və rus dillərini bilən peşəkar hərbçi idi.
Xüsusi Təyinatlı Qüvvələrin zabiti olan Ramiz Cəfərov, Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub, Bakıdakı II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən polkovnik-leytenant Ramiz Cəfərov “Vətən Müharibəsi Qəhrəmanı” yüksək adına layiq görülüb.
Qəhrəmanımız həmçinin "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi Cəmil Məmmədlinin anası Aygün xanım Məmmədova ilə görüşüb.
"Düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz" deyə ürək sözlərini bölüşən Q.Paşayeva, "Biz Sizə çox minnətdarıq! Şəhid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik!" deyib.
"Cəmil kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətəncanlı övlad böyütdüyünüz üçün Sizə öz dərin təşəkkürümüzü yetiririk"! - Q.Paşayeva sözünə əlavə edib.
Səhid anasına Mədəniyyət Komitəsi adından Təşəkkür Məktubu, Qarabağ mövzusunda rəsm əsəri və xatirə hədiyyələri təqdim edilib.
Görüşdə Milli Məclisin Komitə sədri Sadiq Qurbanov, RHİM İB sədri Arzu Bağırova iştirak edib və ürək sözlərini bölüşüblər.
Qeyd edək ki Cəmil Habil oğlu Məmmədli (28.07.1999, İsmayıllı - 15.10.2020, Füzuli) - 2005-2016-cı illərdə Bakının Səbail rayonundakı 163 saylı məktəbdə oxuyub; məktəbi bitirdiyi il Azərbaycan Texniki Universitetinə daxil olub. 2020-ci ilin yayında ali təhsilini başa vuraraq, həqiqi hərbi xidmətə gedib. Vətən Müharibəsinin ilk günündən döyüşlərdə iştirak edən Cəmil, Füzuli-Xocavənd istiqamətlərində döyüşüb. O, oktyabrın 14-dən 15-ə keçən gecə Füzuli istiqamətində ağır döyüşlərin birində qəhrəmancasına şəhid olub.
Cəmil Məmmədli Azərbaycan Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Ruhu şad olsun!
Qəhrəman şəhidimizin anasına Komitə adından Təşəkkür məktubu, Qarabağ mövzusunda rəsm əsəri və xatirə hədiyyələri təqdim edilib.