Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarın etimadnaməsini qəbul edib. Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə ABŞ səfiri Riçard Morninqstar etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
R.Morninqstar ilk dəfə Azərbaycana 1995-ci ildə səfər etdiyini, 2002-ci ildə isə ölkəmizdə qarşılıqlı mübadilə proqramları çərçivəsində həyata keçirilən beynəlxalq təhsil üzrə Amerika şuraları ilə birgə təşkil olunan konfransda xanımı ilə iştirak etdiyini və mərhum prezident Heydər Əliyevlə və Prezident İlham Əliyevlə görüşlərini məmnunluqla xatırladıb.
Dövlət başçısı Riçard Morninqstarı Azərbaycanda görməyindən məmnunluğunu ifadə edib. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Riçard Morninqstara son 20 ildə münasibətlərimizin yaxınlaşmasına və eləcə də ölkəmizin iqtisadi inkişafına verdiyi töhfəyə görə minnətdarlığını bildirib. Dövlət başçısı Bakı-Tbilisi-Ceyhan və digər enerji layihələrinin reallaşması istiqamətində ABŞ-ın dəstəyini və Riçard Morninqstarın şəxsi rolunu yüksək qiymətləndirib. Prezident İlham Əliyev Riçard Morninqstarın Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini bildirib.
Modern.az