Modern.az

Xalqımız Heydər Əliyev siyasətinin uğurlarını gündəlik həyatında hiss edir  

Xalqımız Heydər Əliyev siyasətinin uğurlarını gündəlik həyatında hiss edir  

12 Mart 2021, 10:02

 

1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın dərin etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev qısa zamanda Özünün ümummilli maraqlara xidmət edən və ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi, bütövlüyü və inkişafı təmin etdi. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, bu seçkilər ölkədə keçirilmiş ilk demokratik prezident seçkiləri idi. 10 oktyabr 1993-cü il tarixində keçirilmiş andiçmə mərasimində Ulu Öndər Heydər Əliyev “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. 

Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm. Belə bir yüksək məsuliyyətli vəzifəni Öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”, - deyə qeyd etmişdi. Məhz bu cür oldu, Ümummilli Lider milli maraqlara əsaslanan, xalqın, dövlətin mənafeyini əks etdirən fəaliyyəti ilə ümidləri doğrultdu. Xalqın böyük dövlət xadimi Heydər Əliyevə yüksək etimad göstərməsindən qısa müddət sonra nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. 

 

Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verilməsi, ilk parlament seçkilərinin keçirilməsi, referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi, idarəetmə sisteminin formalaşdırılması, neft müqavilələrinin imzalanması, Azərbaycanın iqtisadi dirçəlişinin əsasının qoyulması, respublikamızın beynəlxalq əlaqələrinin formalaşdırılması, ölkənin dünya birliyinə inteqrasiyası prosesinə başlanması dövlətimizin tərəqqi yolunda inamla irəliləməsini təmin etdi, Azərbaycanın qarşısında aydın perspektivləri açıldı. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edib. 

 

Bu gün Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Bunlarla yanaşı, həyata keçirilən çoxvektorlu xarici siyasətin məntiqi nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənib. Ölkəmizin təşəbbüsü və liderliyi ilə çox mühüm transmilli layihələr reallaşdırılıb, respublikamız ikitərəfli, çoxtərəfli əlaqələrini uğurla inkişaf etdirir. Hazırda regional güc mərkəzi olan, bölgədə sabitləşdirici aktyor kimi çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bunlara paralel olaraq Azərbaycan, eyni zamanda, beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Bütövlükdə, dünyada böyük etimad qazanan Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır.

 

Bu gün xalqımız Heydər Əliyev siyasətin uğurlarını gündəlik həyatında hiss edir, onunla yaşayır və onun irsindən faydalanır. Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaranmışdır. Cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu keyfiyyətcə yeni müstəvidə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rol və nüfuzunu artırır.

 

Şölə İbrahimova

Hacıqabul şəhər sakini 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama