Modern.az

“Ramil Səfərov məsələsini bayağılaşdırmasınlar, imkan versinlər öz həyatını yaşasın”

“Ramil Səfərov məsələsini bayağılaşdırmasınlar, imkan versinlər öz həyatını yaşasın”

4 Sentyabr 2012, 10:40

Fazil Mustafa: “Süni vətənpərvərlik dalğasına son qoyulmalıdır”

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Azərbaycan ordusunun zabiti, uzun illər Macarıstanda həbsdə olan Ramil Səfərovun vətənə gəlişindən sonra mətbuatda onun haqda gedən məlumatlardan narahatlığını ifadə edib.

Deputat Modern.az-a açıqlamasında bildirib ki, artıq mətbuat Ramil Səfərovun gəlişindən sonra bir qədər onu rahat buraxmalıdır. 

“Bu məsələ ilə bağlı uzunmüddətli proses aparmaq məncə gərəkli deyil. Artıq əsas hədəfə çatıldı, Ramil Səfərov azadlığa buraxıldı. Təbii ki, Mübariz İbrahimov məsələsində bir total təbliğatın aparılması çox əhəmiyyətli idi. Məncə, Ramil Səfərovla bağlı məsələni isə uzatmağın o qədər də müsbət nəticəsi olmayacaq. Buna görə, artıq bu məsələləri mətbuatda dayandırmaq lazımdır. İmkan vermək lazımdır ki, Ramil öz həyatını yaşasın. Müəyyən dərəcədə onun üzərinə bu qədər yük qoymaq doğru deyil. Hesab edirəm ki, süni vətənpərvərlik dalğası yatırılmalıdır. Təbii ki, insanlar Ramil Səfərovun gəlişinə sevinə bilərlər, amma bütün hallarda bu məsələnin belə səviyyədə stimullaşdırılması sona qədər aparıla bilməz. Bunun müəyyən fəsadları da var. Ramillə bağlı məsələni bundan sonra uzun müddət gündəmdə saxlamaq onu adiləşdirəcək”, - deyə F.Mustafa vurğulayıb.

Qeyd edək ki, Ramil Səfərov məsələsi son günlər ölkə mətbuatının bir nömrəli mövzusudur. Azərbaycan ordusunun  mayoru Ramil Səfərov avqustun 31-də Macarıstanda ekstradisiya olunaraq ölkə prezidenti tərəfindən əfv edilib.

Anar RÜSTƏMOV
 
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi