Modern.az

Atılmış qadınlar - “Bizə kömək edin!” - Bakıdakı sığınacaqdan REPORTAJ

Atılmış qadınlar - “Bizə kömək edin!” - Bakıdakı sığınacaqdan REPORTAJ

Reportaj

4 Sentyabr 2012, 13:30

3 fərqli qadın taleyi – 1 dərd


Facebook-da sığınacaqda olan 3 qadına yardım barədə elan Modern.az-ın diqqətini çəkdi. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi elə də böyük bir məbləğ yox, sadəcə uşaqlar üçün bir qədər qida və qarşıdan gələn qış üçün, hər uşağa bir dəst isti geyim gərək olduğunu bildirirdi.

Qadınların müvəqqəti məskunlaşdığı “Təmiz Dünya”dakı sığınacaqda ilk müsahibimiz 33 yaşlı G.M. oldu (Adının çəkilməyini istəmədiyindən müsahibimizin  ad və soyadının baş hərflər ilə veririk). Dar bir otaqda 3 qadın və körpələri. İki körpə olanlardan xəbərsiz şirin-şirin yatırdı, bir körpə isə anasının yaxasından bərk-bərk yapışmışdı. Sakit-sakit bizə baxırdı.

“Bir yaşı var. Adı Məhəmməd Əmindir. Özüm qoymuşam. Heç atası soyadını verməyə belə razı olmadı, – deyə G.M. öz həyat hekayətini nəql edir. – Bir il idi ki, bir oğlanla münasibətim vardı. Mən onu sevirdim və bunun qarşılıqlı olduğunu bilirdim. Artıq münasibətlərimiz korlanmaq üzrə idi, ayrılmağa hazırlaşırdıq. Elə bu ərəfədə hamilə olduğumu bildim. Uşağın bioloji atasına bunu deyəndə, cavabı “abort et” oldu. “Uzi”yə getdim və basa düşdüm ki, uşağı saxlamalıyam. Sonra atası ilə münasibətimizi rəsmiləşdirmək istədim. “Gəl uşağa görə bunu edək, bir ildən sonra boşanarıq, sadəcə mən valideynlərimə deyim ki, evləndim sizdən xəbərsiz, bir səhv etdim”, amma indi boşanmışam, yola gedə bilmədik, heç olmaya mənə yardım edin, övladım var”. Buna da razılaşmadı. Ümumiyyətlə, dedi ki, əlini məndən çək. Uşaq nikahdankənar olduğu üçün valideynlərim də məndən üz döndərdi. Hamiləlik vaxtı “NİDA”nın üzvü olmuşam. Sonra aktivliyimi itirdiyim üçün təşkilatdan çıxdım. Onlar mənə hamiləlik vaxtı həm maddi, həm də mənəvi yardım etdilər. Onlar məni bu təşkilata gətirdilər və müayinə üçün mənə köməklik olundu”.

G.M. söhbətə davam edir: “Münasibətlərimiz yeni başlayanda qətiyyən belə olacağını, onun belə edəcəyini ağlıma gətirməzdim. Çünki planda evlənmək vardı. Anam bu oğlanın mənim həyatımda olmağını bilirdi. O məndən 4 yaş kiçik idi. Anam deyirdi ki, o, səninlə ailə quran deyil. Ona görə hətta ailəmdə də narazılıqlar oldu. Bir il bundan əvvəl mən çox cılızlaşmışdım, həyatdan əlimi üzmüşdüm, amma indi ümidliyəm. Anam atamdan gizlin bir dəfə mənimlə və nəvəsi ilə görüşüb”.

İxtisasca ibtidai sinif müəllimi olan G.M. 2004-cü ildən Bakıdadır. “Bura gələndən sonra əvvəlcə satıcı işləmişəm, sonra firmada menecer kimi çalışdım. Əvvəlcə bibimgildə, sonra da Yasamalda kirayədə tələbə qızlarla qaldım. İctimai-sektordakı insanlarla tanış olmuşam. Elə uşağın atası ilə münasibətimiz də ordan başlayıb. O indi adını çəkmək istəmədiyim bir təşkilatın üzvüdür. Hər zaman qərarlarımı özüm vermişəm. Uşaq olandan sonra dostlarımız onunla danışıb. Bir neçə dəfə də özüm əlaqə saxlamışam ki, körpəyə soyadını versin. Deyir ki, sən aliment üçün edirsən. Mənə hədə-qorxu gəldi ki, arxamda filan məmur dayanır. O yenidən qayıtsa belə, artıq bizə lazım deyil, mən oğlumla birgə həyatımı davam etdirəcəyəm. Dostlarım pul verirlər. Amma mənim planlarım var, uşağın bir az böyüməyini gözləyirəm”.

Sığınacaqdakı ikinci qadın – iki dəfə ailə quran Solmaz Məmmədova yaxşı tale ümidi ilə nikaha girsə də, bəxt üzünə gülməyib: “Bu, mənim ikinci həyatımdır. İlk dəfə 23 yaşımda ailə qurmuşam. Öz qohumum olub, amma məni istəməyib, mən isə bunu sonradan bilmişəm. Qayınanam alıb, 6 ayın gəlini olmuşam. Oğlanın başqa sevdiyi olub, sonra eşitdim ki, onun övladı da var. Buna görə də özüm ayrıldım, artıq övladım var idi. Övladımı iki yaşına kimi böyütdüm. Sonra anam xəstə oldu, baxa bilmədik, qardaşım isə ancaq öz ailəsinə baxırdı. Qaynanam məni qızından da çox istəyirdi. Ondan ayrılandan sonra məni çox yerdən istədilər, amma özümə söz vermişdim ki, ailə qurmayacağam. 10 il sonra ikinci dəfə ailə qurdum. Anam xəstə olduğu üçün Bakıya işləməyə gəldim, anama kömək olum. İşlədiyim yerdə iş yoldaşımın qardaşı oğlu məni gördü. Məndən 13 yaş böyük idi. Onun əmisi mənim ona getməyimi çox istəyirdi. Dedim ki, ailə qurmaq istəmirəm, taleyimdən küsmüşəm. Ancaq anam və övladım üçün yaşayıram. Nə vaxt məni övladım bağışlayar, – bağışlayar. O da məndən əl çəkmirdi. Gördüm ki, məni çox istəyir, çünki keçmişdə sevgi görməmişdim. Həmişə məni döyərdi və deyərdi ki, mən səni heç vaxt sevməmişəm. O vaxt 33 yaşım var idi. Onun da 46. Fikirləşirdim ki, məndən çox böyükdür, məni keçmişimə görə qınamaz. Birinci yoldaşımdan olan övladımın 11 yaşı var. Evlənəndən gündən məni döyüb, söyüb keçmişimi başıma qaxıb. İndi bir oğlum da var. 20 gündür burdayam, onun xəbəri yoxdur, bizi axtarır. Sonuncu dəfə uşağın yaşında məni döyüb, çölə çıxartdı. Məni bura bir qızla oğlan gətirdi. İndi qalmağa başqa yerim yoxdur. Bacılarım bu kişini seçdiyim üçün mənə yaxın durmur, qardaşım isə heç maraqlanmır. Mən ikinci ərimi sevdim, indi də sevirəm, o, mənə əziyyət versə də. Onun yanına qayıtmaq istəmirəm (ağlayır), qəlbimi çox sındırıb. Amma yenə də uşağımın atasıdır. Uşağım hələ körpədir, iş tapıb, işləyəcəyəm. Heç kimin bir qəpiyi mənə lazım deyil”.  

Üçüncü qadın. O, Azərbaycan vətəndaşı deyil, 1998-ci ildən Bakıda yaşayan Lyuba Qazaxıstan vətəndaşdır: “Bu ölkəyə məni bir rəfiqəm dəvət etdi ki, gəl burda yaşa. Burada bir müddət qaldıqdan sonra bir türk vətəndaşı ilə tanış oldum. Sonra tale elə gətirdi ki, günahsız olaraq qətl cəzası ilə həbsxanaya düşdüm. 8 il həbsxana həyatı yaşadım. Elə övladım da həbsxanada dünyaya göz açdı. Həbsxanada olarkən mən bu türklə həm evləndim, həm də boşandım. Övladım indi onunla birgədir. Həbsxanadan çıxandan sonra ikinci dəfə Şirvan sakini ilə ailə qurudm, amma bu dəfə bəxtim gətirmədi. Bir qızım oldu, indi 6 aylıqdır. Adı Mədinə. Mənim və uşağımın sənədlərinin hazırlanmasının üzərində işlər gedir. Qazaxıstana getmək fikrim yoxdur, burda yaşayacağam”.

Hər üç köməksiz qadının həyat hekayətini dinlədikdən sonra bu yazını yazdım. Və indi öz adımdan oxuculara üz tuturam: “Onlara kömək edin! Bacardığınız qədər. Bu qadınların həqiqətən yardıma ehtiyacı var...


Nihadə Eyyubova

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI