Modern.az

Gənclər günündə gəncləri hansı problemlər narahat edir? (fotolar)

Gənclər günündə gəncləri hansı problemlər narahat edir? (fotolar)

2 Fevral 2010, 17:51

2 fevral Azərbaycanda Gənclər günüdür. 2007-ci ilə qədər Azərbaycanda 16-35 yaşı olan vətəndaşlar gənclər sayılırdılar. Lakin 2007-ci ildə Milli Məclis «Gənclər siyasəti haqqında» Qanunda dəyşiklik edəndən sonra Azərbaycanda 14-29 yaşı olanlar gənclər hesab edilir. Dövlər Statistika Komitəsinin məlumatına görə, indi əhalinin 2,8 milyon nəfərini və ya 31 faizini 14-29 yaşlı gənclər təşkil edir. Bu gün Azərbaycan gəncliyinin üzərinə çox böyük məsuliyyət düşür. Torpaqlarımızın 20 faizi işğal altında olduğundan gənclər hər han müharibəyə hazır olmalıdırlar. Azərbaycan gənlərini bütövlükdə xoşbəxt saymaq olmaz. Ölkəmizdə narkotik və alkoqolizmdən əziyyət çəkənlərin, siqaretə aludə olanların yarıdan çoxunu gənclər təşkil edir. İşsizliyin, evsizliyin ən yüksək səviyyəsi də gənclər arasındadır.

Bu gün Azərbaycan gənclərinin hansı problemləri var? Modern.az gənclərdən bu suala cavab istəyib. Bakı Qızlar Universitetinin 1-ci kurs tələbəsi Şamka Ağayevanın fikrincə Azərbaycan gəncləri uçuruma yuvarlanır: “İndiki gənclər erkən ailə nigahı qurmağa can atırlar. Bundan başqa, vətən sevgisi bilməyən gənclərdən hansısa bir dəyişiklik gözləmək çətindir. Onlar milli ideologiya ətrafında birləşmək əvəzinə, yüngül həyat tərzinə meyl edirlər”.

İqtisadiyyat Universitetinin 4-cü kurs tələbəsi Qalib Əbilov gənclərin təhsil səviyyəsindən narazıdır: “Təhsildə rüşvətin həddən artıq olması gənclərin biliyə yiyələnməsinə əngəl törədir. Müəllimlər təhsil vermək əvəzinə tələbədən pul tələb edirlər.Ona görə də dövlət bu cür problemlərlə mübarizə aparmalıdır”.

İqtisadiyyat Universitetinin 3-cü kurs tələbəsi Elşən İskəndərov Gənclər gününü əhəmiyyətsiz hesab edir: “Ali məktəbi bitirən gənclər iş tapmaq bilmirlər. Əgər mən sabah işlə təmin olunmayacağamsa, onda 4 il niyə baş sındırmalıyam? Gənclər günü hər il qeyd olunur. Ancaq gənclərin problemləri heç bir zaman həll edilmir”.

Tibb Universitetinin Müalicə işi fakültəsinin 3-cü kurs tələbəsi Turan Əhmədova gənclərə dəstək verilmədiyini deyir: “Bu gün Azərbaycan gəncliyinin problemləri ilk növbədə öz hüquqlarını bilməmələridir. Ən əsası isə ali təhsilli gənclərin işsiz qalamlarıdır. İndiki gəncləri maraqlandıran ancaq şou-biznesdir. Hansı bir gəncə sual versən ki, zəbt olunmuş rayonlarımızın işğal tarixini desin, heç biri bilməyəcək. Bugünkü Azərbaycanın real gəncləri belədir”.

Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinin 3-cü kurs tələbəsi Elnur Muxtarlı gənclərə azadlıq verilmədiyini deyir: “Bu gün mənim üçün əlamətdar gün deyil. Çünki azad fikir söyləmək üçün sərbəstlik yoxdur. Ümumən gənclərimiz cəmiyyətdə passiv mövqe tuturlar”.

Azərbaycan Beynəlxalq Universitetinin Tarix fakültəsinin 4-cü kurs tələbəsi Xəyal Avazov üçün də 2 fevral tarixi  əhəmiyyətsizdir: “Gənclik problemlərin içində itib-batıb. İşsizlik, gənclərin gələcəyinə təminat verilməməsi və s. bu günkü gəncliyin durumundan xəbər verir”.

Təfəkkür Universitetinin 2-ci kurs tələbəsi Ədalət Şahbazov gənclərin çoxsaylı problemlərinin olduğu qənaətindədir: “Milli vətənpərvərlik ruhunun olmaması, təhsil sahəsində ciddi problemlər, kitab oxumağa marağın azalması, son zamanlar gənclər arasında intihar hallarının artması və başqa problemləri sadalamaq olar. Bu baxımdan da mən Gənclər gününün qeyd edilməsini vacib saymıram. Önəmli olan problemlərdən qurtulmaqdır”.

 

Lənkaran Dövlət Universitetinin 2-ci kurs tələbəsi Rəhman Rəhmanov da işsizlikdən şikayət edir: “Qiyabi təhsil alıram. Ancaq işləmək üçün heç bir yer tapa bilmirəm. Gənclərin bugünkü vəziyyəti heç də ürəkaçan deyil”.

Müəllimlər İnstitutunun Riyaziyyat və informatika fakültəsinin 3-cü kurs tələbəsi Müjgan Əzimzadə də indiki gənclərin vəziyyətinin normal olmadığını deyir: “Demək olar ki, gənclərlə bağlı bir çox sahələrdə problemlər var. Baxmayaraq ki, ölkədə gənclərlə bağlı çoxlu təşkilat fəaliyyət göstərir. Ən əsası isə gənclər cəmiyyətdə müstəqil fikir söyləyə bilmir. Son zamanlar gənclərin azadlığının əlindən alındığının da şahidi olduq. Gənclərlə bağlı yürüdülən siyasətdə məncə dərin bir boşluq var”. Günay MUSAYEVA

 

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu