Əkbər Qoşalı
Qalib Ordunun Ali Baş Komandanı yenidən Füzuli və Xocavənddə!
Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar. “Yenə işğaldan azad edilmiş torpaqlardayam. Bu gün Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyacağam. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir. Azad edilmiş torpaqların bərpası başlamışdır. Füzulidən Şuşaya yol çəkilir - Zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək. Bir sözlə, müharibədən dörd ay keçməsinə baxmayaraq, böyük quruculuq işləri başlamışdır”. – Müzəffər Ali Baş Komandanın sözləridir. Necə deyərlər, indi bütün yollar Qarabağda çəkilir, indi bütün yollar Qarabağdan keçir. İlk baxışda mübaliğəli görünə bilər ancaq nəzərə alsaq ki Gündoğarla Günbatarın, yaxın-uzaq ölkələrin bir çox yolu, onsuz da, Azərbaycandan keçirdi və bu yolların bir çoxu işğal faktına görə tıxanıqlı idi – indi onlar işlək olacaq. Doğrudur, uğursuz dövlətin yolsuz siyasi-hərbi rəhbərliyi və onların Xankəndindəki oyuncaqdan daha oyuncaq əlaltıları yol və yaşayış adına nə vardısa viran edib, yolları daş-kəsək, kol-kos basıb, ancaq torpağın əsl sahibi hər şeyi yoluna qoyacaq. Ermənistan və oyuncaqdan daha oyuncaq Xankəndi qurama “hökumət”i bizim tarixi torpaqlar olan Zəngəzurdan, Göyçədən, bizim BMT tərəfindən tanınmış ərazilərimizə yol çəkirdi, ikinci yol, üçüncü yol-filan... amma o yolçusuz yollar, qanunsuz yollar, yolsuzların yolları, əlbət, işləməyəcəkdi! “Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir!” – Ümummilli liderin bu sözlərini burada xatırlatmaq lap yerinə düşür: Ermənistanın düz-əməlli iqtisadiyyatımı var? Artan əhalisimi var? Urvatlı qonşuluğu var, bəlkə? Yoxsa, Ermənistanın dövlət ləyaqəti, siyasi mədəniyyəti var da, bizmi bilmirik? – Yoxdu, yoxdu, yoxdu! Vallah, billah, tillah! Bu inkarı mümkünsüz faktlar ortadaykən, ha yol çək, ha şərt kəs, xeyri yoxdur! Ya iqtisadiyyatın olacaq ya da iqtisadiyyatını gücləndirməkçün yaxşı qonşuluq münasibətlərin. – Cənab Prezidentin sözləri ilə desək, “sən dalansan, Ermənistan”. Dalan Ermənistan özünü gah Türkiyəyə, gah İsrailə, gah bir başqa dövlətə oxşatmağa çalışıb, başından böyük işlərə girişməyə qalxdı və altında qaldı. Türkiyə - Quzey Kıprıs Türk Cümhuriyyəti (QKTC) münasibətləri, yəhudlərin beynəlxalq qurum-quruluşlarda özlərinəxas nüfuz sahibi olmaları və s. Ermənistan və ermənilər üçün örnək alına bilməz. Çünki sən nə türksən, nə də yəhudi. Ermənistanda anlamadılar ki Türkiyə- QKTC münasibətləri ilə Ermənistan- “DQR” analogiyası aparmaq kökündən yanlışdır. Tamam əksqütblü olayları bir məxrəcə gətirib, oradan özünçün “haqq” icad etmək, sənə görə deyil, Ermənistan! Bəli, sən nə Türkiyəsən, nə də İsrail. Üstəlik, sən Türkiyə-İsrail və yaxud hər hansı başqa dövlətlər arasındakı münasibətlərdə söz sahibi ola bilməzsən, iştirak edə bilməzsən. Hansısa dövlətlərin münasibətsizliklərinə bel bağlayaraq siyasət yürütmə taktikası da, gülünc doğuran erməni qəribəliklərindədir. Belə dövlətmi olar? Çox sadə səbəbə görə: tutumun, gücün, tarixin, gələcəksizliyin buna uyğun deyil... Ermənistan Azərbaycanın halal qələbəsinə don geyindirməyə cəhd etmədən, öz acı məğlubiyyətini qəbullanaraq davranmalıdır. – “Uğursuz dövlət”in bir yolu ola bilər, yaxud ola bilərdi: yanlış siyasi-hərbi ritorikadan, işğalçı, terrorçu zehniyyətsizlikdən imtina və mehriban qonşuluğa sadiqlik... Boyunu aşan iddialar üzündən hələ də Qarabağdan meyit daşıyan, hələ də həqiqi leş sayını ictimaiyyətə doğru-dürüst açıqlaya bilməyən Ermənistan Azərbaycandan “əvəzçıxma” hoqqasındansa, həqiqi yola gəlməlidir. Belə olarsa, köhnə-yeni yollar üzlərinə açılar, gün görə bilərlər. Əlbəttə, bu, bizim dərdimiz deyil, düşmənçiliyi belə ləyaqətlə apara bilməyənlərin yolu cəhənnəmə açıqdır – getsinlər və heç gəlməsinlər.
Qarabağda yol infrastrukturu qurularkən yaxud təmir-bərpa edilərkən bu ölkədaxili məzmunu ilə yanaşı beynəlxalq mahiyyət də daşıyır. Rusiya-Türkiyə, İran-Rusiya, Türkiyə - Orta Asiya dövlətləri, Orta Asiya – Avropa, Çin – Avropa və s... yollar bizim coğrafiyada daha əlverişli, daha səmərəli məzmun qazanır. Ermənistanın hirsi-hikkəsi adını çəkdiyimiz-çəkmədiyimiz dövlətləri əlaqədar etməz... Sürətlə çəkilən yollar haqsızlıq, ədalətsizlik yolu tutanların dərəyə yuvarlanmasını da sürətləndirəcək.
Bəli, Qalib Ordunun Ali Baş Komandanının işğaldan azad edilmiş bölgələrimizə yeni səfəri, verdiyi ismarınclar məndə ilkin olaraq belə duyğu-düşüncələr oyatdı. Dövlət başçısının öz ailə üzvləri ilə birgə işğaldan azad edilmiş bölgələrə ardıcıl səfərlər etməsi, bu dəfəki səfərin erməni cəmiyyətində qondarma, əslsiz həvəslənmələrə cəhd elementlərinin sezildiyi günlərə və ilaxır çərşənbəyə təvafüq etməsi çox anlamlı və qürurvericidir!
Mən bu sətirləri Ağdam şəhər yerinə səfərimdən sonra yazıram. Öncəki yazıları yazarkən hələ işğaldan azad edilmiş torpaqlarımızda olmamışdım. Doğrudur, eşidirdik, ekrandan izləyirdik, radiodan dinləyir, qəzetlərdən, kitablardan oxuyurduq lakin oxumaq, eşitmək bir başqadır, görmək, toxunmaq bir başqa... Ağdamda Ağdamlılıq qoymayan düşmənin ruhunun dirçəlməsi haramdır. Mən dövlət başçımızın müxtəlif şəhər və rayonlarımıza, kəndlərimizə, Hadruta, Azıx mağarasına, Daşaltıya, yenidən Şuşaya və b. yerlərə səfərinin, verdiyi ismarıncların Ermənistan ictimai-siyasi fikrində nə təlatümlər yaratdığını çətinlik çəkmədən təsəvvür edə bilirəm.
Daxili didişmələrdən yıpranmaqda olan erməni cəmiyyəti tarixi yanlışlıqları ilə üz-üzədir. Etdiklərinin bədəlini ödəmə vaxtıdır vaxt onlarçün. İstər daşları ətəkdən töksünlər, istər ətəyə daş yığsınlar – sonuc dəyişməyəcək! Başına Dəmir Yumruq dəymişlər artıq kal daş armud ola bilməyəcək, muma dönəcəklər. Özlərini, necə deyərlər, mumiya dövründən gəlmiş “qədim”, “ari”, “mədəni” sayan azarlı erməni cəmiyyəti XX yüzildə qondarılmış ilk dövlətlərini, əslində elə XX yüzilin sonlarında da dəfn etmişdilər – Xocalıda körpələri, qocaları, qız-gəlini zülmə düçar edərkən... İndi isə uğursuz dövlətin tabutuna son mismarlar vurulmaqdadır. Tabut içindəki çırpınışlar yalnız bir halda bəhrə verə bilər: Azərbaycanla dil tapmaq! Bizimlə dil tapmaq:
bugün mina xəritələrini verməkdən,
sabah Azərbaycandan üzr istəməkdən,
birisigün təzminat ödəməkdən keçir!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
BAYRAĞIMIZ UCA OLSUN!