Avropa Parlamentinin sədri Martin Şults Macarıstandan Azərbaycana ekstradisiya olunan Ramil Səfərovun əfv edilməsi ilə bağlı məsələni şərh edib. M. Şults Azərbaycanı siyasi məqsədlər üçün təhvil verilmə haqqında Konvensiyadan sui-istifadədə ittiham edib.
“Mən siyasi məqsədlər üçün Azərbaycan prezidenti tərəfindən Səfərovu əfv etməsindən narahatam. Eyni zamanda Azərbaycan və Ermənistan tərəflərini vəziyyəti kəskinləşdirə biləcək hərəkətlərdən çəkinməyə dəvət edirəm”, – deyə M. Şults qeyd edib.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvi Rövşən Rzayev Modern.az-a açıqlamasında qeyd edib ki, onlar Cənubi Qafqazda olan bütün problemlərə beynəlxalq hüquq-çərçivəsində öz mövqelərini də bu cür bildirsinlər. Deputatın sözlərinə görə, bu gələcəkdə Qafqazdakı gərginliyi aradan qaldırmaq üçün vacib amil olardı.
“Çox sag olsunlar ki, Azərbaycanla bağlı belə diqqətlə yanaşırlar. O ki qaldı Ramil Səfərovun ekstradisiyası ilə bağlı konvensiyadan sui-istifadə edilməsinə elə bir hal baş verməyib. Tutulmuş şəxslərin azad olunması ilə bağlı konvensiyaya Azərbaycan qoşulub. Bu konvensiya əsasında Ramil Səfərov Azərbaycana təhvil verilib, Azərbaycanda Ramil Səfərovu Pentiensiar Xidmət qəbul edib və Azərbaycan qanunlarına və Konstitusiyasına əsaslanaraq ölkə prezidenti öz səlahiyyətindən istifadə edib. Bu da onun tam hüququdur. Həmin hüquq da ölkə prezidentinə xalq tərəfindən verilən hüquqdur. Ona görə burada qeyri-qanunu heç bir şey yoxdur.
Azərbaycan suveren və müstəqil dövlətdir və öz qərarlarını qəbul etməkdə ölkə prezidenti tam səlahiyyətli bir şəxsdir. Yaxşı olardı ki, bu cür iddialar irəli sürən insanlar tamamilə qanuna müvafiq öz fikirlərini səsləndirə bilərdilər”, – deyə deputat vurğulayıb.
Aytən Əliyeva