Prezident İlham Əliyev Bakının Səbail rayonundakı 49 nömrəli “İntellekt” məktəb-liseyin və Yasamal rayonundakı 21 nömrəli məktəbin binalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.
Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, prezident İlham Əliyev əvvəlcə Səbail rayonundakı 49 nömrəli “İntellekt” məktəb-liseyində həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub.
Dövlət başçısı məktəbin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı prezidentə məlumat verib. Bildirildi ki, Dövlət Proqramına uyğun olaraq məktəbin təmirinə 2012-ci ilin mayında başlanılıb.
Prezident İlham Əliyev yeni korpusda yaradılan şəraitlə də tanış olaraq bildirildi ki, yeni korpusda tikinti işləri müasir standartlara uyğun olaraq yüksək keyfiyyətlə aparılıb.
Sonra Prezident İlham Əliyev paytaxtın Yasamal rayonundakı 20 Yanvar şəhidi Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Dövlət başçısı burada da məktəbin təmirdən əvvəlki və yenidənqurma işlərindən sonrakı vəziyyətini əks etdirən fotostendə baxıb.
Görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verilib. Bildirildi ki, 21 nömrəli məktəbin əvvəlki binası 1953-cü ildə inşa edilib, ilk vaxtlar 7 illik, 1958-ci ildən isə tam orta məktəb kimi fəaliyyət göstərib. Məktəbdə 920 şagird təhsil alır, 85 müəllim pedaqoji fəaliyyətlə məşğul olur.
Daha sonra prezident məktəbin ayrı-ayrı sinif otaqlarında, kabinetlərdə və laboratoriyalarda yaradılan şəraitlə yaxından tanış olub
Görülən işlərlə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verib.
Modern.az