Bu gün Nizamı adına Kino Mərkəzində yazıçı Aqil Abbasın “Dolu” romanı əsasında çəkilən eyniadlı filmin təqdimatı olub. Qarabağ savaşına həsr olunmuş filmin təqdimatında tanınmış kino və mədəniyyət xadimləri iştirakı ilə yanaşı Milli Qəhrəman İbad Hüseynov da iştirak edib.
1 saat 30 dəqiqəlik filmin rejissoru Elxan Cəfərov, ssenari müəllifi Aqil Abbas, quruluşçu operator Nazim Mehdiyev, filmdə səslənən mahnının bəstəkarı Polad Bülbüloğludur. Baş rolda oynayan aktyorlar sırasında Rza Rzayev, Şamil Süleymanov, Fərhad İsrafilov, Fuad Poladovdur.
Filmdə coğrafi məkan kimi Şəmkir, Ağdam, İsmayıllı, Ağcabədi, Sumqayıt göstərilib. “Dolu”nun ən maraqlı cəhəti də odur ki, sonda baş qəhrəman həqiqətən də Azərbaycan-Ermənistan sərhəd xəttini keçir.
Təqdimatdan sonra jurnalistlər üçün mətbuat konfransı keçirilib. Konfrasda Aqil Abbas deyib ki, filmdə rejissor onun istədiyindən, gözlədiyindən də artığını verib:
“Bu filmdə mənim siyasi məqsədim yoxdur. Başqa məqsədim olsaydı filmə siyasi adlar salardım. Film çox yaxşı alınıb”.
Yazıçı hazırda “Dolu” romanının həm türk, həm də rus dilinə tərcümə olunmasını da qeyd edib.
Şahanə Rəhimli