Modern.az

Azərbaycanda narkotik istifadəçilərin sayı artıb

Azərbaycanda narkotik istifadəçilərin sayı artıb

Aktual

18 Mart 2021, 12:06

“Son dövrlər edilən müraciətlərə əsasən deyə bilərik ki, polinarkomaniya, yəni iki və daha artıq sintetik, yarım sintetik və təbii narkotik vasitələrin birlikdə qəbulu halları çoxalıb. Psixostimulyatorlar qrupundan olan sintetik psixoaktiv maddə “metamfetamin” və opiatların birlikdə qəbulu istifadəçilərin sinir sistemində kəskin pozuntular yaradır. Belə hallarda həkim-narkoloqlarla yanaşı müalicədə həkim-psixoterapevt və həkim-nevropatoloqlara ciddi ehtiyac duyulur”.

 

Modern.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov bildirib.

 

P.Məmmədov qeyd edib ki, hazırda Mərkəzdə qeydiyyatda olan narkotik maddə istifadəçilərinin sayı 33 min 788-dir:

 

“Onlardan 618-i qadın, 9-u 15-17 yaşlarda, 12969 nəfəri 18-34 yaşlar arasında olan şəxslərdir. Qeyd edim ki, ötən il bu rəqəm 32921 olub. Amma bu artımı Respublikada narkotik maddə istifadəçilərin sayının artması kimi qəbul etmək də düzgün olmaz. Düşünürəm ki, bu Narkoloji Mərkəzə müraciətlərin sayında olan dəyişiklikdir. Yəni biz bunu mərkəzdə aparılan müalicəyə olan inamın artması kimi dəyərləndiririk”.

 

Onun sözlərinə görə, “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi ixtisaslaşdırılmış ambulator və stasionar narkoloji xidmət göstərən müalicə-profilaktika müəssisəsi olaraq “əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa və digər müvafiq normativ-hüquqi aktlara uyğun fəaliyyət göstərir:

 

“Mərkəzdə narkotik vasitələrdən istifadə edənlər, habelə sərxoşluq edən şəxslər arasında narkomaniyanın, alkoqolizmin, toksikomaniyanın və digər asılılıq hallarının meydana çıxmasının qarşısını almaq məqsədilə müalicə və profilaktika işi aparılır. Mərkəz əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını, o cümlədən alkoqol səxoşluğunun ekspertizasını həyata keçirir. Azadlıqdan məhrumetmə yerlərindən alkoqolizm, narkomaniya və toksikomaniya ilə əlaqədar məcburi müalicəyə göndərilmiş şəxslərin tibbi müayinədən keçirilməsi və müalicəsini, narkotik vasitələrdən və digər psixotrop maddələrdən sui-istifadə edən şəxslərə psixoterapevtik və əxlaqi-mənəvi yardım göstərilir”.

 

Direktor deyib ki, koronovirus (COVID-19) infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə mərkəzdə maska taxılması, sosial məsafənin qorunması, əl gigiyenasına əməl edilməsi tövsiyyələrini əks etdirən məlumatlandırıcı lövhələr vurulub:

 

“Giriş qapısında mərkəzə müraciət edən şəxslərin hərarətləri yoxlanılaraq dezinfeksiyaedici vasitələrdən istifadə edilir. İlkin olaraq Qəbul şöbəsində xəstələrin hərarətləri yoxlanılır. Əgər xəstədə hərarətin yüksək olması aşkar olunarsa, COVID-19 test müayinəsi məsləhət görülür. Qəbul olunan xəstələr birbaşa müayinə üçün rentgen kabinetinə yönləndirilir. Pandemiya ilə əlaqədar stasionar şəraitdə müalicə alan xəstələrin təhlükəsizliyi məqsədilə xüsusi karantin rejimi qaydalarına əsasən xəstə yaxınları ilə görüş qadağan olunub. Bütün otaqlar və dəhlizlər dezinfeksiyaedici məhlulla müntəzəm olaraq təmizlənir.”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj