Modern.az

“Ədalət Vəliyev işin çətinini həll edib” - İctimaiyyət nümayəndələrindən şöbə müdirinin fəaliyyətinə REAKSİYA

“Ədalət Vəliyev işin çətinini həll edib” - İctimaiyyət nümayəndələrindən şöbə müdirinin fəaliyyətinə REAKSİYA

18 Mart 2021, 13:15

Vətən müharibəsi zamanı və ondan sonrakı dönəmdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyəti xüsusi diqqət cəlb etdi.

Şöbə rəhbəri Ədalət Vəliyevin müharibədən öncə Azərbaycanda fəaliyyət göstərən müxalifyönümlü partiyaların rəhbərləri ilə görüşməsi, partiyaların dövlət qeydiyyatına alınması və müharibə zamanı 50 siyasi partiyanın birgə bəyanatla çıxış edərək, Ordumuzun hərbi əməliyyatlarını dəstəkləməsi ictimaiyyət tərəfindən təqdir olundu.


Bu haqda Modern.az-a danışan ictimaiyyət nümayəndələri də Ədalət Vəliyevin fəaliyyətinin səmərəliliyini qeyd ediblər.



“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid
söyləyib ki, Ədalət Vəliyev təcrübəli dövlət adamı, peşəkar, dinamik məmurdur:


“O, bütün fəaliyyəti boyu işlədiyi sahələrdə təcrübəli məmur kimi seçilib. Həm mədəniyyəti, həm də ictimai-siyasi sektoru dərindən bilən, izləyən, insanları yaxşı tanıyan rəhbərdir. Prezident Administrasiyasına şöbə müdiri təyin olunandan sonra siyasi partiyaların rəhbərliyi ilə tez-tez keçirilən görüşlər hesabına onların problemlərinin öyrənilməsi, siyasi baxışlarının aydınlaşdırılması istiqamətində yaddaqalan tədbirlər keçirildi. Bunun nəticəsində də ölkəmiz üçün taleyüklü məsələlərdə siyasi spektrın əsas partiyaları ümummilli məqsədlər naminə birliklə çıxış etdilər.


Bir sıra partiyaların qeydə alınması, ofislə təmin edilməsi Ədalət Vəliyevin bu sahədəki səmərəli fəaliyyətinin nəticəsi oldu. Həmçinin, xaotik vəziyyətin aradan qaldırılması Ədalət Vəliyevin qarşısında duran ciddi məsələlərdən biridir. Pərakəndə şəkildə fəaliyyət göstərən siyasi partiyaların təmərküzləşməsi, birləşməsi istiqamətində də reallığın tələb etdiyi məqamlar var. Yeni Azərbaycan Partiyasının qurultayında 6 siyasi partiyanın YAP-a birləşməsi digər partiyalar üçün də stimul olmalıdır. Digər partiyaların da düşünərək bu istiqamətdə addımlar atması zəruridir.


Siyasi sahədəki dəyişikliklərin mətbuatda işıqlandırılması, mediada tez-tez müzakirələr aparılması Ədalət Vəliyevin fəaliyyətinin istiqamətidir”.


Baş redaktor hesab edir ki, bu qısa dövrdə Ədalət Vəliyev qarşısına qoyduğu məqsədləri yerinə yetirə bilib:


“Fəaliyyətinin müsbət nəticələri də göz qabağındadır. Mənə elə gəlir ki, Azərbaycan siyasi sahəsində tamamilə yeni vəziyyətin şahidi olacağıq”.  



Hüquq müdafiəçisi Novella Cəfəroğlu
da düşünür ki, Prezident Administrasiyasında müvafiq şöbənin başına məhz Ədalət Vəliyevin gətirilməsi kifayət qədər müsbət nəticə verdi:


“Ədalət müəllim bu işi çox yaxşı qura bildi. Həmin şöbədə kollektivin hamısı, xüsusilə Ədalət müəllim və Səbinə xanım çox yaxşı fəaliyyət göstərdilər. Cəmiyyətə, partiyalara, qeyri-hökumət təşkilatlarına açıq oldular. Birinci dəfə idi ki, siyasi partiya rəhbərlərinin dəvət edilibb, onlarla açıq dialoq aparıldığını gördüm. Bütün bu fəaliyyətin nəticəsi olaraq müharibə dövründə partiyalar bir yerə yığışıb, dövlətə dəstək oldular”.

N.Cəfəroğlu müharibə zamanı da hüquq müdafiəçiləri, QHT nümayəndələri və partiya rəhbərlərinin Administrasiya ilə əlaqə saxladığını diqqətə çatdırıb:


“Nə zaman əlaqə saxlasaq, zənglərimizə cavab verilir, fikirlərimiz dinlənir, müraciətimizə baxılırdı.

Mən istəyirəm ki, bu cür fəaliyyət sona qədər davam etsin. İndiyə qədər edilməsi mümkün olmayan bir işi bacardılar. 50-dən çox partiyanı bir araya gətirə bildilər. Bu işlər gələcəkdə də olmalıdır”.



Hər bir işin ən çətin mərhələsinin başlamaq olduğunu vurğulayan Ümid Partiyasının sədri İqbal Ağazadə xatırladıb ki, Ədalət Vəliyev müvafiq şöbənin rəhbəri təyin olunandan sonra proses başlayıb:


“Bunun nəticəsi haqqında danışmaq çox tezdir. Çünki bir günün içərisində nəticə əldə etmək mümkün deyil. Bunun üçün münasibətlər sistemi, demokratik seçkilər, müxalifətin tələb və təkliflərinin müzakirəyə çıxarılması, maraqlar çərçivəsində nə qədəri qəbul edilə bilər, məsələlərin müəyyənləşdirilməsi və s. vacibdir.


Ümumiyyətlə, dövlət mövcud olduğu müddətdə nəticə ümumidir, birdəfəlik nəticə olmur. Hökumət,  hakimiyyət varsa, proses dayanmadan gedəcək. Yenə deyirəm ki, başlamağın özü ən ağır prosesdir. Nə qədər davam edəcəyi zamandan, gələcəkdən asılıdır.


Mən həmişə barış, dialoq tərəfdarıyam və bu prosesləri müsbət hesab edirəm. Ədalət Vəliyev işin çətinini həll edib. Bundan sonra nə olacaqsa, biz də qiymətləndirəcəyik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu