Saatlı rayon Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayev yol verdiyi qanun pozuntusuna görə, 582000 manat məbləğində cərimələnib. Bu barədə Modern.az saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Saatlı rayonunda ağacların qırılması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Araşdırma zamanı Saatlı rayon Suvarma Sistemləri İdarəsi tərəfindən Hüsü Hacıyev adına Bəhramtəpə-Sabirabad su kanalının Saatlı rayonunun Bəylik, Mustafabəyli və Qıraqlı kəndləri ərazisindən keçən hissəsinin 4 kilometr sahəsində təmizləmə işlərinin aparıldığı, lakin təmizləmə işlərinin aparılmasına dair qanunvericiliyə uyğun qaydada tələb olunan layihə sənədlərinin və dövlət ekoloji ekspertiza rəyinin olmadığı müəyyən edilib.
Nazirliyin əməkdaşlarının əraziyə keçirdikləri baxış zamanı kanalın qeyri-qanuni təmizlənməsi nəticəsində 97 ədəd müxtəlif cinsli və diametli ağac və kolların çıxarılaraq məhv edildiyi aşkar edilibdirr.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 19 sentyabr tarixli 173 nömrəli “Azərbayca Respublikasının meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması Qaydaları haqqında” Qərarının tələbini pozduğuna və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 92.3.3-cü maddəsinə əsasən inzibati xəta törətdiyinə görə Saatlı rayon Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayev qanunvericiliyə uyğun olaraq inzibati qaydada 582000 manat məbləğində cərimə olunubdur.
Anar RÜSTƏMOV