Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının VIII konfransı keçirilib. Hakim partiyadan Modern.az-a verilən məlumata görə, konfransda partiyanın yeni sədri seçilib.
Belə ki, Aqil Nəzərli YAP-ın Laçın rayon təşkilatının sədri seçilib. Konfransda daha sonra təşkilati məsələlərə baxıldıqdan sonra rayon təşkilatının 35 nəfərdən ibarət Şurası və 15 nəfərdən ibarət İdarə heyəti müəyyən edilib.
Konfransda iştirak edən YAP İcra katibinin müavini Siyavuş Novruzov ötən dövr ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş çıxış edib. Konfransda həmçinin Laçın rayon İH-nin başçısı Ramiz Cəbrayılov, Ağcabədi rayon İH-nin başçısı, YAP Siyasi Şurasının üzvü Şahin Məmmədov, Milli Məclisin deputatlarından YAP Siyasi Şurasının üzvü Mirkazım Kazımov, Tahir Rzayev və Rauf Əliyev çıxış edərək, ölkəmizdə mövcud ictimai-siyasi vəziyyət və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən quruculuq işlərindən danışılıb.
Qeyd edək ki, YAP-ın Laçın rayon təşkilatının bundan öncəki sədri Sevinik Hətəmov olub. S.Hətəmov prezidentin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Anar RÜSTƏMOV