Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, sərəncam ümumilikdə 625 nəfərə şamil olunub.
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər cəzadan azad edilib.
Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 3 nəfər cəzadan azad olunub.
Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər və islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad edilib.