Xarici işlər naziri (XİN) Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunan səfiri Riçard Morninqstarı qəbul edib. Bu barədə Modern.az-a XİN-nin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, nazir Elmar Məmmədyarov Riçard Morninqstarı ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb. Yeni səfirin fəaliyyətinin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb.
Riçard Morninqstar ölkəmizə səfir kimi təyin olunmağından məmnunluğunu bildirib və Azərbaycanla ABŞ arasında müxtəlif sahələrdə, xüsusilə enerji sahəsində faydalı əməkdaşlığın mövcudluğunu məmnunluqla vurğulayaraq, mövcud münasibətlərin inkişafı üçün potensialın olduğunu qeyd edib. Amerikalı diplomat həmçinin beynəlxalq sülhyaratma əməliyyatlarına Azərbaycanın verdiyi töhfənin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Görüş zamanı Xarici İşlər Naziri Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların cari vəziyyəti haqda məlumat verib və münaqişənin həllinin uzanmasının regionda sülh və sabitliyə zərbə vurduğunu diqqətə çatdırıb. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini diqqətə çatdıran nazir, işğal olunan torpaqlardan Ermənistan hərbi qüvvələrinin çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının zəruriliyini vurğulayıb.
Nazir həmçinin amerikalı diplomata bildirib ki, o, ABŞ Dövlət Katibinin müavini Uilyam Börns ilə telefon danışığı zamanı Azərbaycan vətəndaşı Ramil Səfərovun ekstradisiya edilməsi və əfv olunması ilə bağlı Dövlət Departamentinin mövqeyinin Azərbaycan tərəfi üçün anlaşılmaz olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. Bununla yanaşı, nazir Ramil Səfərov məsələsinin Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan xalqına qarşı törədilən etnik təmizləmə siyasəti kontekstində baxılmalı olduğunu bir daha vurğulayıb.
Görüşdə eyni zamanda Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin inkişafı yolları və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Modern.az