Ermənistan parlamenti sentyabrın 5-də Ramil Səfərovun Macarıstandan Azərbaycana qaytarılması və əfv edilməsi məsləsinin müzakirəsi üçün növbədənkənar iclas keçirib.
Modern.az “Armenia today”a istinadən bildirir ki, 97 deputatın qatıldığı parlament iclasında Ramil Səfərovun Azərbaycana qaytarılması və əfv edilməsini pisləyən bəyanat qəbul edilib. Sənədin lehinə 96, əleyhinə bir deputat səs verib.
Bəyanatda deyilir ki, erməni zabit Qurqen Markaryan Budapeştdə NATO təlimləri vaxtı öldürülüb. Macarıstan təlimin iştirakçılarının təhlükəsizliyini təmin etməli olsa da, bunu bacarmayıb. Buna görədə baş verənlərə görə Ramil Səfərovla birgə Macarıstan da məsuliyyət daşıyır.
Sənəddə qeyd olunub ki, erməni parlamenti Macarıstanın hərəkətlərini pisləyir və parlament səviyyəsində Macarıstanla əlaqələri dayandırır.
“Azərbaycanda dövlət səviyyəsində ermənilərə qarşı nifrət ab-havası onu göstərir ki, “Dağlıq Qarabağ Respublikası” heç bir statusla Azərbaycanın tərkibinə daxil edilə bilməz”, - deyə Ermənistan Milli Məclisinin bəyanatında vurğulanır.