Parlament üzvü: “Millət vəkili avtobusla, metro ilə rəsmi görüşlərə gedəcəksə...”
Azərbaycan Milli Məclisninin deputatları onlara xidməti avtomobillərin verilməsini istəyirlər. Onlar deyirlər ki, ayrı-ayrı nazirliklərin adi şöbə müdirlərinin ximəti avtomobili olduğu halda, bu imtiyaz deputatlara niyə şamil edilməsin...
”Rəsmi görüşlərə gecikməmək üçün millət vəkillərinin maşın məsələsi mütləq həll olunmalıdır”. Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib. Deputat bildirib ki, millət vəkillərinin xidməti maşın məsələsi həll olunmayınca, onlar bəzi problemlər yaşayacaq.
”Avtomobili olmayan millət vəkili avtobusla, metro ilə rəsmi görüşlərə gedəcəksə, gecikəcəksə, çatdıra bilməyəcəksə, bu da bir problemdir. Deputatlar rayonlara getmək üçün şəxsi maşınlardan istifadə edirlər. Onun da amartizasiya və yaxud da digər yanacaq xərcləri ödənilmir. Rayonlara getmək üçün bəzi millət vəkillərinin maşın problemi yaranır, yaxud da borc alaraq mütləq maşın götürürlər ki, millət vəkili kimi öz səlahiyyətlərini, fəaliyyətini həyata keçirsinlər. Bu baxımdanda hesab edirəm ki, millət vəkillərinin maşın məsələsi mütləq həll olunmalıdır”.
Deputatlardan xidməti avtomobil yalnız Milli Məclisin sədrinə, sədr müavinlərinə və komitə sədrlərinə verilib.
Mail Ağaxanov