Modern.az

Milli Məclisin komitə sədrləri: “Qanunlardakı müddəalar bəzən anlaşılmır”

Milli Məclisin komitə sədrləri: “Qanunlardakı müddəalar bəzən anlaşılmır”

Parlament

6 Sentyabr 2012, 11:36


Azərbaycanda qanunların dilinin çətin və mürəkkəbliyi dəfələrlə müzakirə olunub. Amma mövcud problem aradan qaldırılmadığından, məsələ aktual olaraq qalmaqdadır. Yerli qanunvericilik bazasının çətin dildə işlənməsindən daha çox sadə vətəndaşlar əziyyət çəkirlər. Bəs qanunların dilinin anlaşıqlı olması üçün yeni bir komissiyanın yaranmasına ehtiyac varmı? Modern.az-a bu barədə Milli Məclisin komitə sədrləri fikir bildiriblər.

Milli Məclisin insan hüquqları komitəsinin rəhbəri, millət vəkili Rəbiyyət Aslanova bildirir ki, ola bilsin bu cür hallar müqavilələrdə və dövlətlərarası sənədlərdə olsun. “Yəni qeyri-səlis tərcümələr ola bilir. Amma ki, qanunun birinci oxunuşunda bunlar həll olunur və ikinci oxunuşda bu tamamilə həll edilir və mükəmməl bir sənəd alınır. Mən belə düşünürəm ki, buna görə də xüsusi komissiyanın yaradılmasına, buraya alimlərin, dilçilərin cəlb olunmasına ehtiyac yoxdur”, – deyə millət vəkili qeyd edib.

Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli: “Siz həmin deputatlara deyin ki, bəs siz özünüz niyə bu qanun layihələrinin dilinin qanadlanmasına kömək etmirsiniz? Prezidentimiz nümunədir, görün Azərbaycan dilini necə gözəl bilir. O nümunə bizim hər bir deputatımızda olmalıdır, onlar da Azərbaycan dilini yaxşı bilməlidir. Onlar da qanun yaradıcılığında bəs necə iştirak edirlər. Kimsə onlar üçün yazsın gəlsin, diktə eləsin, necə olar?” – deyə qanunların dilindən şikayət edən deputatlara səslənib.

Deputat qeyd edib ki, tez-tez qanunların dili ilə bağlı mütəxəssislərə müraciət edilir. H. Rəcəbli “Burada ədəbiyyat dili yox, dilin başqa formaları var. Sosial terminoligiya. Məsələn çoxları bilmir ki, terminologiya nədir? Ona görə burada hər sahənin özünün mütəxəssisləri və o sahəni bilən deputatlar özləri fikir səsləndirməlidirlər. Terminologiyada da sadələşmə getməlidir. Biz indi öz aramızdır. Sovet sözünü illərlə işlətmişik, “sovet” sözü nə olduğunu bilirdik? Bəzi elə şeylər varki, onlar qəbul olunmuş terminologiya var, o terminologiya bəzən işlənir. Sahə terminləri var. Səhiyyə də elə xəstəliklər var ki, məsələn, “ostraxandroz”. Azərbaycan dilinə tərcüməsi var? Terminologiya ciddi şeydir, burada da hissə qapılmaq olmaz”.

İqtisadi siyasət komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə bildirib ki, dilçi, tərcüməçi, ədəbiyyatçı və mütəxəssislər qanunların üzərində işləmək üçün cəlb olunmalıdır. Onun sözlərinə görə, beləliklə də olan nöqsanlar da aradan qaldırılsın. “Qanunun tələbləri yəni dünyəvi standartlara cavab versin. Onsuz da bu istiqamətdə işlər aparılır”, – deyə, millət vəkili əlavə edib.

Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov bunun üçün komissiya yaradılmasına ehtiyac olmadığını söyləyib. Millət vəkilinin sözlərinə görə, hər bir komitə hansı qanun qəbul edirsə, o deputatlar həmin qanunların dilini əlbəttə sadələşdirməlidirlər. “Çünki bunu təkcə hüquqşünaslar oxuyub başa düşürsə, o demək deyil ki, hamı başa düşür? Sadə adamlar da bunu oxuyanda başa düşməlidir. Məsələn, bizim aqrar komitədə qanunları qəbul edəndə, həmişə kəndin, aqrar sahədə işləyən adamların dilinə uyğun olaraq yazırıq ki, o adamlar oxuyub başa düşsünlər. Və qanunla əlaqədar müəyyən haqlarını qoruya bilsinlər. İndi bu kiminsə komitəsində olur-olmur, mən bunu bilmirəm. Amma mən onu bilirəm ki, hər bir komitənin qəbul etdiyi qanunlar sadə vətəndaşların başa düşəcəyi bir dildə olsun. Onu oxuyan təkcə mütəxəssis yox, qeyri-mütəxəssislər də olsun. Onlar başa düşsün ki, qanunun bu maddəsi nə deyir? Mən bunun tərəfdarıyam. Eləcə də, bizim komitə bunu edir. Başqa komitənin bəzisində olur, bəzisində olmur, mən bunu deyə bilmərəm. Çünki o işlərə müdaxilə eləmək olmur. Onlar mənim yoldaşlarımdır, kiminsə qanununa mən nə deyə bilərəm?!”

 

Sevinc İltifatqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir