Bu yay Gəncəbasar zonasında istirahət edənlər maraqlı aksiya ilə üzləşiblər. Eyni geyimdə olan bir qrup gənc turistlərin sevimli məkanı olan Toğanada iməcilik aparıblar. Xüsusi avadanlıqla piknik yerlərini təmizləyən gənclər həm də burada dincələnlərə xitab ediblər. “Ətrafı təmiz saxlayaq”, “Toğananı zibilləməyək”, “Dincələndə - zibilləmə” kimi plakatlar daşıyan cavan qız və oğlanlar əhaliyə həm də maarifləndirici broşürlar, mayka və papaqlar paylayıblar. Bu, Gəncə Gənclər Fondunun ətraf mühitin mühafizəsinə həsr etdiyi tədbirlərdən yalnız biridir.
Azərbaycanın 18 regionunda fəaliyyət göstərən 20 Gənclər Fondlarının nümayəndələri bu günlərdə Bakıya toplaşıblar. Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) təşkilatçılığı və Chevron, Statoil və Belçika Krallığının Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Novxanı AF oteldə keçirilən Gənclər Forumunun 100-ə yaxın iştirakçısı vardı. Forumun məqsədi, AƏF-in dəstəyilə yaradılan və fəaliyyət göstərən Gənclər Fondlarının təcrübəsini paylaşmaq, həmçinin yeni təşəbbüslər barədə müzakirə aparmaq idi.
GƏNCLƏR FONDU NƏDİR?
AƏF-in regional koordinatoru Günay Zeynalova deyir ki, 5 nəfərdən ibarət 20 Fondların yaradılmasında məqsəd gəncləri ictimai həyata cəlb etmək, fəal vətəndaş kimi yetişməsinə yardım göstərmək, cəmiyyətin sosial və siyasi inkişafında onların da iştirakına imkan yaratmaqdır. 2005-ci ildən başlayaraq bu proqram bir neçə rayonlarda fəaliyyət göstərib. Hazırda Gəncə şəhəri, Mingəçevir şəhəri, Qazax, Göygöl, Tovuz, Ağstafa, Samux, Yevlax, Bərdə, Tərtər, Ağdaş, Ucar, Quba, Qusar, Goranboy Ağcabədi, Şəki və Qax rayonlarında fondlar mövcuddur.
Gənclər Fondu – 5 nəfərdən ibarət kiçik təşəbbüs qruplarıdır. Onlar AƏF-dən alınan qrant hesabına müəyyən icma problemlərinin həllinə yardım edir. Fondların hər biri ildə bir neçə qrant elanı verməklə, öz icmalarında yaşayan gənclərə layihələrini reallaşdırmaq imkanını yaradır. İcra olunan mikro-layihələr müxtəlif sahələri əhatə edir - aztəminatlı ailələrə yardım, əlil uşaqlara dəstək, internet vasitəsilə özünü ifadə, gənclərin sosial təşəbbüslərdə iştirakı, gənclərin asudə vaxtının səmərəli keçirilməsi və s.
AĞSTAFADA GEYİM AKSİYASI
100-ə yaxın iştirakçısı olan Gənclər Forumu məhz bu işləri görən gəncləri bir araya gətirib. 4 gün davam edən toplantı zamanı gənclər regionlarda icra etdikləri layihələr barədə maraqlı təqdimatlar keçiriblər.
Təqdimatçılardan biri - Ağstafa Gənclər Fondunun koordinatoru Rəşad Arabov ildə 4-5 layihə reallaşdırdıqlarını dedi. İndiyə kimi vətəndaş jurnalistikası, bloqçuluq, ətraf mühitin mühafizəsi, sosial şəbəkələrdən istifadə, aztəminatlı ailələrə kömək mövzusunda fəaliyyətlər olub. Məsələn, Ağstafanın 3 kəndində imkansız ailələrə geyim paylanılıb. Bu barədə elanlar verilib və hər kəs müəyyən məntəqəyə gələrək özünə lazım olan geyimi seçib. Eurovision ərəfəsində turistlərin qəbulu ilə bağlı layihə icra edilib. İqlim dəyişikliklərinə həsr edilən təlimin sonunda isə iştirakçılar 30 ədəd ting ağac əkiblər. Gənclər arasında sağlam həyat tərzini təbliğ etmək məqsədilə Qazaxdan Ağstafaya velosiped turu da təşkil edilib.
KANALİZASİYA SULARI HARA AXIR?
Bu ilin əvvəlindən Gənclər Fonduna qoşulan Mətanət İbrahimli Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının 4-cü kurs tələbəsidir. O, bir neçə gənclə birləşərək ictimaiyyətin diqqətini küçəyə axıdılan kanalizasiya suları, şəhərin zibilləndirilməsi probleminə cəlb edib. Gənclərin təşəbbüsü ilə “Təmizlik-sağlam həyat deməkdir”, “Şəhərimizi təmiz saxlayaq” kimi 50-dən çox lövhə insanların daha çox olduğu yerlərə asılıb. Tədbirlərdə İcra Hakimiyyəti, həmçinin Gənclər və İdman Nazirliyinin təmsilçisi də iştirak edib.
Şəki Gənclər Fondunun nümayəndələri isə gender bərabərsizliyinə qarşı mübarizə aparıblar. Onlar 1 ay ərzində Şəkidəki uşaq bağçalarını gəziblər, orada valideynlərlə görüşüblər, ailə daxilində övladlar arasında ayrı seçkiliklə bağlı problemlərdən söz açıblar. Eyni zamanda, bir qrup yeniyetmə şəhərdə gəzərək bu mövzudakı təbliğat materiallarını əhaliyə paylayıblar.
QARPIZI PENDİRLƏ YEYƏK?
Gəncədə isə əlilliyi olan gənclərin iştirakı ilə konsert təşkil olunub. Yeganə Müsəllimovanın dediyinə görə, mərasimdə əlilliyi olan gənclər tamaşa göstəriblər, həm də müxtəlif musiqi nömrələri ilə çıxış ediblər. Konsertdən yığılan gəlir hesabına qeyri-adi bacarığı olan gənclərə mükafat verilib. Bundan əlavə, “Sağlam qida-sağlam həyat” layihəsi çərçivəsində gənclər Gəncədəki marketlərin qarşısını kəsiblər. İçəri girən hər kəsə sağlam qida haqqında məlumatı əks etdirən broşürlar paylanılıb. Burada “Hansı qidanı necə və nə ilə yemək lazımdır?”, “Qarpızı pendirlə, kartofu isə çörəklə yemək orqanizmə hansı ziyan vura bilər?” kimi sualların cavabları və istehlakçının hüquqları haqqında məlumat verilib.
Təqdimatlar zamanı o da qeyd olunub ki, Gənclər Fondunun yetirmələri arasında fondda qazandıqları təcrübə və göstərdikləri səylər nəticəsində dövlət qurumunda işə düzələnlər və ictimai sektorda uğur qazananlar da olub.
BƏLƏDİYYƏLƏR DƏ GƏNCLƏRƏ QOŞULUR
Gənclər Forumunda aktiv iştirakçıların həmçinin regional bələdiyyə nümayəndələri ilə görüşləri təşkil olunub. Görüşlərin məqsədi, neft borusu keçən zonalarda gənclərin bələdiyyələrlə birlikdə ətraf mühitin mühafizəsinə yönələn layihələrin birgə icrasına kömək etməkdir. BP və onun tərəfdaşlarının dəstəklədiyi bu təşəbbüsə Garabork (Ucar), Orta Ləki (Ağdaş), Aran (Yevlax), Cinli Boluslu və Nadirkənd (Goranboy), Dəllər Cəyir və Dəllər Daşbulaq (Şəmkir) və Garaxanlı və Xatınlı (Tovuz) bələdiyyələri qoşulub. Belə layihələrin icrası həmçinin bələdiyyələrin özlərinin aktivləşdirilməsi, onların işində şəffaflığının artırılmasına yardım göstərəcək.
Toplantı zamanı bələdiyyələr arasında yerli büdcə prosesinin təşkili, vergi toplamaq üçün uğurlu təbliğat vasitələri, İnternetdən səmərəli istifadə metodları haqqında müzakirə açılıb, təcrübə mübadiləsi aparılıb.
Gənclərə həm işləmək, həm də istirahət etmək imkanı yaradan 4 günlük tədbirin sonunda iştirakçılara AƏF-in yeni proqramı haqqında məlumat verilib. Burada “Cənubi Qafqazın və Türkiyənin gəncləri sülh uğrunda” proqramı çərçivəsində hətta sərhədləri aşan, regional layihələrin icrası ilə bağlı müzakirələr aparılıb və gənclərə həmin proqramda iştirak etmək təklif olunub.